Gürücstan, Tbilisi, 6 avqust /Trend, müxbir N. Kirsxaliya/
Gürcüstanın Gənclər və İdman Nazirliyi "Çixura" (Saçxere) və "Neftçi" (Bakı) komandaları arasında sabah keçiriləcək futbol matçına hazırlıq üzərində nəzarəti həyata keçirir.
Trend-in məlumatına görə, gənclər və idman naziri Levan Kipiani jurnalistlərə bildirib ki, dünən Gürcüstan Futbol Federasiyasında fövqəladə görüş keçirilib. Görüşdə təşkilati və təhlükəsizlik məsələləri nəzərdən keçirilib.
Onun sözlərinə görə, təşkilati məsələlər üzərində nəzarət Gənclər və İdman Nazirliyinin birbaşa səlahiyyətindədir: "Dünən Federasiyada fövqəladə görüş olub. Təhlükəsizliyin təmin edilməsi üçün göstərilən məsələnin həllinə müxtəlif strukturlar qoşulub. Əlbəttə ki, bir neçə gün əvvəl baş vermiş insident təkrarlanmamalıdır".
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 7-də Tbilisinin "Lokomotiv" stadionunda keçiriləcək. Tərəflər arasında ilk görüş qolsuz bərabərliklə yekunlaşıb.
Azərbaycan DİN-in cümə günü yaydığı məlumatında deyilir ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb.
Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşunların əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.