...

Oleq Piunov: "Planlarımızda Avropa Oyunlarında Azərbaycan bayrağını qaldırmaqdır"

İdman Materials 31 Mart 2015 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Ötən ilin sonunda Azərbaycan Gimnastika Federasiyası "Gimnast ilə müsahibə" adlı layihəsinə start verdi. Qarşıdan gələn Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək gimnastlar ilə həmsöhbət olaraq, onların həyat tərzi barədə maraqlı faktları, eləcə də bu möhtəşəm tədbirə necə hazırlaşdıqlarını öyrəndik.

Dünya idman tarixində ilk dəfə keçirilən bu yarışlar da artıq uzaqda deyil. İlk Oyunların keçirilməsi şərəfi məhz Bakıya nəsib olub, bu isə o deməkdir ki, Azərbaycan idmançıları xüsusi misilsiz hissləri ilə çıxış edəcəklər.

Yarışlarda 20 idman növü ilə bərabər (o cümlədən qeyri-olimpiya idman növləri) gimnastikanın altı növü də təqdim olunacaq. Bunlar- batut və bədii gimnastika, akrobatika və aerobika gimnastikası, həmçinin qadın və kişi idman gimnastikasıdır.

Batut gimnastika üzrə yarışlarda ölkəmizi 4 gimnast təmsil edəcək - oyunların formatına əsasən, onlar həm fərdi, həm də sinxron hərəkətlər ilə çıxış edəcək. Trend AGF-nın saytına istinadən 2014-cü ilin Dünya Kubokunda sinxron hərəkətlər üzrə bürünc medal qazanan Oleq Piunov ilə müsahibəni təqdim edir.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

- 2000-ci ildə, evimizin yaxınlığında batut gimnastikası üzrə bölmə açılıb. Nadinc uşaq olduğuma görə, valideynlərim məni məşqlərə aparmaq qərarına gəldilər. Həmin vaxt mənim yeddi yaşım var idi.

-Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?

- Düşünürəm ki, hə. Uşaqlıqdan futbolu və stolüstü tennisi sevirəm. Yadımdadır, eyni zamanda futbol və batut gimnastikası ilə məşğul olurdum.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

- Bu axı mənim sirrimdir (gülür).

- Fikrincə hər hansı idman növündə vacib olan nədir?

- Peşəkar idmanda "bu vacibdir", "bu isə önəmli deyil" anlayışları yoxdur. Burada hər şey vacibdir. Hər bir şeyə fikir vermək lazımdır, başqa cür alınmır.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

- Hər bir idman növü təhlükəlidir, burada çox diqqətli olmaq lazımdır. Səhv təkan və ya yerə enmə idmançının səhhətinə təsir göstərə bilər.

- İdmanda kumirin varmı?

Bəli, var. Bunlar Aleksandr Moskalenko və İrina Karayevadır [batut gimnastikası üzrə ilk Olimpiya çempionları].

- Yaxın gələcək üçün idman planlarından danış bir az.

- Gələcək planlarım Avropa Oyunlarıdır. Gərgin məşqlər və nəticə üçün çalışırıq. Bayrağımızı qaldırmaq, fəxri kürsüyə qalxmaq və ölkəmizin himnini eşitmək arzusundayam. Öz növbəmdə, bu planımı reallaşdırmaq üçün hər şey edəcəyəm.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?

- Bir daha qeyd edim ki, Avropa Oyunları mənim üçün birinci yerdədir, üstəlik onlar vətənimizdə keçiriləcək.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

-Hər bir insanda olduğu kimi, mənim də arzularım var. Böyük, mehriban ailə sahibi olmaq arzusundayam. Hər axşam, iş günündən sonra sakit və gözəl yerdə yerləşən rahat evdə yoldaşım və uşaqlarım ilə keçirtmək istərdim. Xoşbəxtlik üçün daha nə lazımdır ki?

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

- Təəssüflər olsun ki, bu həmişə alınmır.

- Öz ailən haqda danış bir az.

- Dəlicəsinə valideynlərimi sevirəm. Və hər şeyə görə onlara minnətdaram.

- Sevdiyin şəxs varmı?

- Bəli, var.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

- Dəstək səslərini eşitmək istəyirəm - bu mənə çox kömək edir. Fürsətdən istifadə edərək, mənə inandıqları və dəstək olduqları üçün çox sağ olun demək istəyirəm. Çalışıram onları məyus etməyim, axı onlar mənə görə narahat olurlar?!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti