Bakı. Trend:
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyeralarını başa vurublar.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, ukraynalı legionerlər yaşlarının çoxluğu səbəbindən bu addımı atıblar.
33 yaşlı V.Demyanenko 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və yığmanın heyətində yer alıb. O, geridə qalan 8 il ərzində 3 dəfə dünya çempionu və 4 dəfə Avropa çempionu adına sahib çıxıb. Rio-2016-nın gümüş medalçısı "Bakı 2015" I Avropa Oyunlarında 200 metr məsafəyə yürüşdə də eyni nəticə göstərmişdi.
34 yaşlı İ.Osipenko-Radomskaya isə 2014-cü ildə Azərbaycan pasportu alıb. Qadın kayakçı növbəti il Avropa və dünya çempionatlarında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. Bu il isə o, Dünya Kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. İ.Osipenko-Radomskaya olimpiadada 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Hər iki idmançı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncamına əsasən təltif olunub. Olimpiya vitse-çempionu V.Demyanenko 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, bürünc mükafatçı İ.Osipenko-Radomskaya isə "Tərəqqi" medalına layiq görülüb.