...

Azərbaycan Birinciliyi və Bakı Çempionatında iştirak məndə öz bacarığıma inam yaradır - Gənc gimnast

İdman Materials 25 Mart 2022 16:40 (UTC +04:00)
Azərbaycan Birinciliyi və Bakı Çempionatında iştirak məndə öz bacarığıma inam yaradır - Gənc gimnast

Bakı. Cani Babayeva - Trend:

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatında iştirak məndə öz bacarığıma inam yaradır və gələcək üçün gözəl başlanğıc olacaq.

Bu barədə Trend-ə "Ocaq Sport" klubunun təmsilçisi, yarışın gənc iştirakçısı Nəzrin Hümbətova deyib.

"Yarışa hazırlıq asan olmadı, yaxşı nəticə göstərmək üçün çox məşq etdim. Düşünürəm ki, Azərbaycan birinciliyi və Bakı çempionatı peşəkarlığın yüksəldilməsində mühüm mərhələdir. Milli Gimnastika Arenasında ilk dəfə deyil ki, çıxış edirəm. Buradakı yarışlar həmişə məndə özümə inam yaradıb”, - N.Hümbətova qeyd edib.

İdmançı yeddi ildir ki, gimnastika ilə məşğul olduğunu bildirib.

"Gələn həftə Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başlayır. Yarışları mütləq izləyəcəyəm və ölkəmizin təmsilçiləri - Samirə Qəhrəmanov və Milana Minakovskayanı dəstəkləyəcəyəm", - gənc gimnast əlavə edib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti