...

İdman gimnastikası üzrə Dünya Kubokunda məşqçi bizdən yaxşı nəticələr gözləyir - Samirə Qəhrəmanova

İdman Materials 25 Mart 2022 17:36 (UTC +04:00)
İdman gimnastikası üzrə Dünya Kubokunda məşqçi bizdən yaxşı nəticələr gözləyir - Samirə Qəhrəmanova

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda məşqçi bizdən yaxşı nəticələr gözləyir və biz də öz növbəmizdə əlimizdən gələni etməyə, bütün ümidləri doğrultmağa çalışacağıq.

Bunu Trend-ə azərbaycanlı idmançı Samirə Qəhrəmanova qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatının ilk yarış günündə çıxışından sonra deyib.

Qeyd edək ki, S.Qəhrəmanova martın 31-dən aprelin 3-dək Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək.

"Dünya çempionatına hazırlıq tam sürətlə gedir, məşqlər gərgindir. Məşqçi bizdən yaxşı nəticələr gözləyir. Qarşıma hansı məqsədlər qoyduğumdan danışsaq, ümid edirəm ki, finala yüksələ biləcəyəm. O ki qaldı, rəqiblərə, onlar barədə düşünmürəm, indi əsas şey fikrimi toplamaq və məşqə diqqət yetirməkdir, ona görə də diqqətimi yayındırmaq istəmirəm və yalnız proqramım haqqında düşünürəm ", - gimnast deyib.

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatındakı çıxışından danışan F.Qəhrəmanova uzun fasilədən sonra bu gün müxtəlif hündürlüklü qollarda proqram təqdim etdiyini vurğulayıb.

"Dörd illik fasilədən sonra bu gün müxtəlif hündürlüklü qollarda hərəkət nümayiş etdirdim. Etiraf edirəm ki, bu proqram mənim üçün asan deyil, ona görə də hazırlığa daha çox vaxt və səy sərf olunur. Bugünkü nəticə məni sevindirdi", - gimnast vurğulayıb.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti