...

Daha 3 güləşçimiz Avropa çempionatının finalına yüksəlib

İdman Materials 14 İyun 2022 20:14 (UTC +04:00)
Daha 3 güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, yarışın ikinci günündə - iyunun 14-də yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən idmançılar mübarizəyə qoşulublar.

Yarışa dörddəbir finaldan start verən Hüseyn Savadov (45 kq) gürcüstanlı Giorgi Koçalidzeyə 6:4 hesabı ilə qalib gələrək Avropa çempionatının yarımfinalına yüksəlib. Ancaq H.Savadov finalın bir addımlığında macar Mozes Adam Laşloyla bacarmayıb - 1:5. Güləşçimiz iyunun 15-də bürünc medal görüşünə çıxacaq.

Vədat Qasımlı (51 kq) əvvəlcə çexiyalı Filip Bartoşikə 8:0 hesabı ilə qalib gələrək qitə birinciliyinə inamlı başlayıb. V.Qasımlı dörddəbir finalda erməni Aleks Marqaryanı "tuşe" ilə xalçadan məyus yola salıb. Güləşçimiz yarımfinalda almaniyalı Lukas Benzinqi də vaxtından əvvəl məğlub edib - 8:0. Həmyerlimiz iyunun 15-də finalda gürcüstanlı Anri Xozrevanidzeylə qarşılaşacaq.

Milli komandamızın üzvü Məhəmməd Qasımzadə (60 kq) ilk görüşdə çətinliklə də olsa, erməni Qaspar Terteryanı üstələyib - 8:7. Təmsilçimiz dörddəbir finalda heç bir çətinlik çəkmədən moldovalı Vladimir Paskaridən güclü olub - 9:0. M.Qasımzadə yarımfinalda finlandiyalı Oliver Aleksandr Pada üzərində qələbə (9:0) qazanaraq adını finala yazdırıb. Güləşçimiz iyunun 15-də qızıl medal uğrunda gürcüstanlı Avtandil Mamaladzeylə mübarizə aparacaq.

Davud Məmmədov (71 kq) startda italiyalı Mikael Gabriel Rindoneyə heç bir şans tanımayıb - 8:0. D.Məmmədov dörddəbir finalda xorvat Mihael Lukaç üzərində də erkən qələbə qazanıb - 9:0. Pəhləvanımız yarımfinalda bolqar Dimitar Stoyanov Raçevi 5:2 hesabı ilə məğlub edib. Güləşçimiz iyunun 15-də finalda türkiyəli İbrahim Özdemirlə qarşılaşacaq.

Güləşçimiz Mikayıl İsmayılov (92 kq) səkkizdəbir finalda finlandiyalı Elias Konsta Liiskiyə sonuncu xal prinsipinə əsasən məğlub olub – 1:1.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti