...

Beynəlxalq Ağır Atletika Federasiyasından Ermənistanla bağlı qərar - Dünya çempionatı İrəvandan alındı

İdman Materials 12 İyun 2023 14:05 (UTC +04:00)
Beynəlxalq Ağır Atletika Federasiyasından Ermənistanla bağlı qərar - Dünya çempionatı İrəvandan alındı

Bakı. Trend:

Ağır Atletika üzrə dünya çempionatı Ermənistanda keçirilməyəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov deyib.

O bildirib ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımıza qarşı edilən vəhşilik ermənilərin hələ də nəinki sülhə, ümumiyyətlə heç nəyə, xüsusilə də hansısa böyük idman yarışını təşkil etməyə hazır olmadığını göstərmiş, sübut etmişdi.

"Baş verənlərə səssiz qalmamış, komanda olaraq yarışda iştirakdan imtina etmiş, bu yolla öz etirazımızı bildirmişdik. Amma hər şeyi təkcə bununla bitirə bilməzdik.

Bayrağımıza qarşı bu hərəkətin cəzası da olmalı idi. İlk gündən beynəlxalq nüfuzlu təşkilat və federasiyalara məktublar yazdıq, təmaslar qurduq, işin həm mənəvi, həm də hüquqi tərəfinə reaksiya verilməsini, ermənilərin bu addımının pislənilməsi üçün çalışdıq. Ən əsas məsələ isə 2024-cü ildə keçiriləcək dünya çempionatının təşkili hüququnun onlar verilməməsi idi. Halbuki bu artıq həll olunmuş, razılıqlar alınmış, yalnız rəsmiləşməsi qalan bir məsələ idi. İlk mərhələdə qitə, sonra da dünya çempionatı üçün hazırlıq görən Ermənistan, bu istiqamətdə xeyli iş görmüşdü. Ancaq qarşılarına çıxıb bu planlarını poza bildik.

Azərbaycan Ağır Atletika Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə səyləri öz effektini verdi. Beynəlxalq Ağır Atletika Federasiyası ilə az qala gündəlik fəaliyyətimiz nəticəsində bu səhər, qurumun İcraiyyə Komitəsinin Kubada keçirilən iclasında 2024-cü ilin ağır atletika üzrə dünya çempionatının Ermənistanda keçirilməməsi, bu hüququn Bəhreynə verilməsi qərarı qəbul edildi. Ədalət bərqərar oldu!

Əsas işlər səssiz görülür. Xalqımızın, dövlətimizin mövqeyi daima gözümüzün önündə oldu, onun əsas götürdük, bayrağımıza qarşı vəhşiliyi çox səs-küy yaratmadan, işimizi ictimailəşdirmədən, amma bir an belə dayanmadan öz diplomatiyamızla susdura bildik. Ölkəmizə yaraşanı da budur. Azərbaycan döyüş meydanında qələbəsini qazanıb, indi də digər cəbhədə bu zəfər davam etdirilməli idi.

Bayraq müqəddəsdir, biz hamımız onun yüksəlməsi, zirvələrdə əbədi dalğalanması üçün çalışırıq. Ona əl atanlar qarşılarında həmişə Azərbaycanı görüblər, görürlər, bundan sonra da görəcəklər".

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.

Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti