...

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi baş tutub

İdman Materials 14 Sentyabr 2024 20:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

18 Oktyabr – Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr – Zəfər Günü münasibətilə ölkəmizin şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Bakı Tennis Akademiyasının stadionunda baş tutan tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Turnirin təşkilatçılarından biri, Əsgər İbrahimov, Ardanış Futbol Akademiyası və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin əsas məqsədinin Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək və 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını yad etmək olduğunu bildirib. O, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun simasında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın qəhrəmanlıqlarının gələcək nəsillərə örnək olduğunu vurğulayıb. Eyni zamanda, turnirdə Azərbaycan mediasını təmsil edən 4 komandanın iştirak etdiyi qeyd edilib.

Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov şəhidlərə rəhmət diləyərək, yarışın qaydaları haqqında ümumi məlumat verib.

Çıxış edənlər turnirin əhəmiyyətini vurğulayaraq, yarışların yüksək səviyyədə keçməsi üçün təkliflər verib və iştirakçılara uğurlar arzulayıblar.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra turnir rəsmən açıq elan olunub.

Qeyd edək ki, turnir oktyabrın 18-dək davam edəcək və 12 komanda yarışacaq. A qrupunda “Turan”, “Report”, “Veteranlar”, B qrupunda “Gənclər” (Baku TV), “Qoşabulaq”, “Baku.WS”, C qrupunda AZƏRTAC, “Ardanış”, “Zəfər 44”, D qrupunda isə “Göyçə”, “Nərimanlı” və AzTV komandaları iştirak edəcək. İldə bir dəfə təşkil olunan bu turnirdə Vətən müharibəsinin qəhrəmanlıq tarixini yaşadan və ön cəbhədən operativ xəbərlər hazırlayan jurnalist kollektivləri də yarışır.

Turnirin əsas məqsədi şəhid jurnalistlərin xatirəsini anmaq, onların həm peşəkar, həm də idmana olan maraqlarını gənclərə aşılamaq və yeni nəslin vətənpərvər ruhda tərbiyə olunmasına töhfə verməkdir.

Dairəvi sistem üzrə keçirilən yarışda hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinala yüksələcək. Yarımfinal və final oyunlarında qalib müəyyənləşməzsə, penalti seriyası keçiriləcək. Oyunları AFFA-nın hakimləri idarə edəcək.

Turnirin qalib komandasına və fərqlənən oyunçulara mükafatlar, kuboklar və hədiyyələr təqdim olunacaq. Peşəkar futbolçuların iştirakı isə qadağandır.

Xəbər lenti

Xəbər lenti