...

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyənin təcrübəsi öyrənilir (FOTO)

İqtisadiyyat Materials 18 Fevral 2019 14:08 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə təlim başlayıb.
Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyənin təcrübəsi öyrənilir (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə təlim başlayıb. Təlim Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.

Trend-in məlumatına görə, tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitənin aidiyyəti qurumlarının rəhbərləri və əməkdaşları, Türkiyə Respublikası Ticarət Nazirliyinin idarə rəisi Burak Serkan Yaşar və həmin nazirliyin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov qonaqları salamlayaraq Ümumi Tranzit Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük istiqamətində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

İsmayıl Hüseynov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri də beynəlxalq ticarətdə Azərbaycanın rolunun artırılmasıdır. İsmayıl Hüseynov tarixi İpək Yolu üzərində hər zaman strateji mövqeyə sahib olan Azərbaycanın günümüzdə beynəlxalq ticarətdəki rolunu səciyyələndirən əsas amillərdən birinin tranzit olduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatının əsas komponentlərindən biri olan tranzitin inkişaf etdirilməsi üçün ölkədə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarəti limanı və digər layihələr reallaşdırılıb ki, bu da Şərq-Qərb ticarət dəhlizində mültimodal yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradıb.

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlüyün Azərbaycanın beynəlxalq ticarətdə rolunun artırılması və tranzit potensialının gücləndirilməsində mühüm addım olduğunu qeyd edən İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsinin bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün səylərini səfərbər etdiyini bildirib və bu istiqamətdə Türkiyə Respublikasının dəstəyini yüksək qiymətləndirib.

Türkiyə Respublikası Ticarət Nazirliyinin idarə rəisi Burak Serkan Yaşar dəvətə görə təşəkkürünü bildirib və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi ilə bağlı Türkiyənin təcrübəsini paylaşmaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın sistemə üzvlük məsələsini bütün sahələrdə dəstəklədiklərini bildirən türkiyəli mütəxəssis, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin Azərbaycanın beynəlxaq ticarətdəki rolunun artmasına və mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradacağını vurğulayıb.

Sonra təlim başlayıb. Təlim zamanı türkiyəli mütəxəssislər iştirakçılara Ümumi Tranzit Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi, Türkiyədə tətbiq edilən T1, T2 və TR formalı bəyanetmə, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində zəmanət mexanizmləri, Səlahiyyətli İqtisadi Operatorların Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi üzrə rəsmiləşdirmə prosesi və digər mövzularda məlumat verəcəklər.

Təlim fevralın 19-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti