...

Zağlı-Zeyvə yatağında yeni kompressor stansiyasının açılışı olub (FOTO)

İqtisadiyyat Materials 23 Sentyabr 2019 14:04 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Siyəzəndə SOCAR-ın əməliyyatçı olduğu Zağlı-Zeyvə yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyalarının açılış mərasimi olub.

Trend-in məlumatına görə, kompressor stansiyası SOCAR və BMT İP-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib. Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT İP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə iştirak ediblər.

Spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı pilot ərazi olaraq seçilmiş və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülüb. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilib. 2 il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 milyon m3 səmt qazının yığılması planlaşdırılır. Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaq.

“Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsi SOCAR və BMT İP tərəfindən 2015-ci ildən həyata keçirilir. Layihə ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. 2013-cü ildən başlayaraq, SOCAR hər il birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti