Bakı. Trend:
Ötən 8 ay ərzində ümumi sahəsi 3434051 m2 olan 34103 mənzilli, ümumilikdə 620 girişli 203 binaya (kompleksə) dair müsbət rəy verilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 194-ü Bakı şəhəri, 5-i Abşeron rayonu, 3-ü Gəncə şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Gəncə Şəhər, Abşeron və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.
Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 19 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. İclasda Fərmandan irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub, ötən dövr ərzində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.