...

Görülən işlər və həllini gözləyən əsas vəzifələr gömrük siyasəti ilə bağlı müəyyən edilən şəffaflıq prinsipinə işıq salır

İqtisadiyyat Materials 15 Yanvar 2020 19:03 (UTC +04:00)
Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər
Görülən işlər və həllini gözləyən əsas vəzifələr gömrük siyasəti ilə bağlı müəyyən edilən şəffaflıq prinsipinə işıq salır

Bakı. Elgün Mənsimov – Trend:

Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

- Mən TIR sistemində çalışdığım üçün ayda bir neçə dəfə Azərbaycana gəlməli oluram, hər dəfə də təbii olaraq bütün gömrük prosedurlarını keçirəm. Bir neçə il bundan əvvəl Azərbaycana gələndə gömrük postunda xeyli problemlə rastlaşırdıq. Bəzən saatlarla növbədə gözləməli olurduq, gah deyirdilər kompüter sistemi işləmir, gah da müxtəlif səbəblərdən əngəllər yaradılırdı. İndi isə hər şey çox rahatdır, bütün sənəd işlərimizi bir pəncərədən həll edib asanlıqla ölkəyə keçə bilirik.

Bunu bizimlə söhbətində Mazımçay Gömrük Sərhəd Keçid Məntəqəsindən Azərbaycan istiqamətində hərəkət edən yük maşınının sürücüsü, Türkiyə vətəndaşı Mustafa Uğur dedi.

Sözügedən sərhəd keçid məntəqəsində olarkən digər sürücülər, sərnişinlər, eləcə də turistlər kimi onun da sənədləşmə və yoxlama prosesinin “Yaşıl dəhliz”də çox rahatlıqla və qısa müddətdə həll edildiyinin şahidi olduq. Bundan başqa, ümumi gömrük prosedurlarını, sərhədkeçmə prosesini və bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyini görmək şansımız oldu. Öyrəndik ki, avtomobillərin yoxlanışı zamanı riskli maşınlara xüsusi çiplər quraşdırılır. Bu GPS vasitəsilə nəqliyyat vasitəsi təyinat nöqtəsinədək izlənilir. Marşrut xəttindən çıxdıqda və ya dayandıqda, qəza törətdikdə avtomatik olaraq nəzarət gömrük məntəqəsinə siqnal gedir. Və dərhal bu istiqamətdə müvafiq zəruri tədbirlər görülür. Burada riskli nəqliyyat vasitəsi dedikdə şübhəli və ya bir neçə dəfə hərəkət istiqamətini dəyişən yük avtomobilləri nəzərdə tutulur.

  • “Yaşıl dəhliz” - Vaxt və əlavə vəsait itkisini aradan qaldırır, vətəndaş-məmur təmasını minimuma endirir

Sərhəd keçid məntəqəsində Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabovla danışmaq imkanımız oldu. İdarə rəisi bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Əsas məqsəd isə şəffaflığın təmin olunması, gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, ölkənin ixrac və tranzit potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə nail olmaqdır.

M.Vahabov vurğuladı ki, 2019-cu ilin fevral ayının 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi vaxt və əlavə vəsait itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaradıb.

  • Sərhəddən qanunsuz keçirilən malların taleyi necə olur?

Daha sonra Mazımçay Gömrük Sərhəd Keçid Məntəqəsinin müvəqqəti saxlanc ambarına baş çəkdik. Məlumat verildi ki, gömrük xəttini keçərkən özü ilə qanunvericilikdə nəzərdə tutulandan artıq məhsul və ya avadanlıq gətirənlərin həmin malları alınaraq müvəqqəti saxlanc məntəqəsində saxlanılır və bunların hər biri qeydiyyata alınır. Vətəndaş daha sonra 3-4 ay ərzində müvafiq prosedurlardan keçməklə gəlib öz məhsulunu götürür. Bu müddət ərzində həmin məhsullar götürülməzsə, komissiyanın qərarı ilə onlar məhv edilir.

Anbarda əsasən vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına uyğun olaraq, ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılır. Bu məhsulların içərisində əsasən müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetka və digər məhsullar üstünlük təşkil edir.

Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələrinin ümumi işindən danışarkən xüsusi təlim görmüş sərhədçi itlərin fəaliyyətini qeyd etməmək mümkün deyil. Ona görə ki, bu itlər bəzən müasir avadanlıqlardan daha böyük məharət sərgiləyirlər. Xüsusən də avtomobil vasitələrinin müxtəlif nahiyələrində gizlədilən narkotik vasitələrin aşkarlanmasında bu itlərin əvəzsiz rolu var. Prosesə canlı şahidlik etmək olduqca maraqlı və təəccüblü idi. Hətta sərhəd keçid məntəqəsindən paytaxt Bakıya dönər-dönməz bu itlərin necə hazırlandığını, onlara hansı formada təlimlərin keçirildiyini öyrənmək həvəsinə düşdük.

  • Kinoloji Mərkəzin itləri gömrük xidmətinin operativliyini artırır

Beləliklə, Dövlət Gömrük Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin dəstəyi ilə komitənin Kinoloji Mərkəzinə yollandıq. Mərkəz Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsində yerləşir, 2003-cü ildə istifadəyə verilib. Dörd hektar ərazini əhatə edən mərkəzin bazasında eyni anda 100 baş xidməti it bəsləmək, onlara tibbi qulluq göstərmək və təlim vermək imkanı var. Mərkəzdə, həmçinin, cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması da həyata keçirilir. Əsas məqsəd isə sərhəd keçid məntəqələrində narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz, iy, eləcə də bütün növ obyektlərin mühafizəsi üzrə itlərin hazılanmasıdır.

Mərkəzin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov dedi ki, Azərbaycan 12 dövlətə xidməti itlər ianə edib: “Hazırda Mərkəzdə alman çoban iti, malinua, holland çoban iti, “Golden Retriever”, “Labrador retriver”, “Cocker” və s. cinslər saxlanılır. Kinoloji Mərkəzdə təlim alan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olublar. Hətta "Layma" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa çempionatında baş mükafatı qazanıb”.

Mərkəzdə bir itin saxlanma xərclərinə gəldikdə, bu da onun cinsindən və çəkisindən asılı olaraq, ildə 1000-2000 min manat arasında dəyişir. Kinoloji Mərkəzdə olan itlərin hamısı şimal, cənub, qərb sərhəd-keçid məntəqələrində, hava nəqliyyatı, Bakı Baş Gömrük İdarəsi, enerji, dəniz ticarəti və s. kimi yerlərdə xidmət göstərir.

İtlərin təlim meydançasıda istismar müddəti bitmiş onlarla avtomobil, eləcə də Qatar vaqonu və təyyarə maketləri yer alır. Yəni itlərə birbaşa həmin avtomibillər və maketlər üzərində təlim keçirilir. Məsələn, kiçik bükümdə olan narkotik vasitə avtomobilin və ya vaqonun müxtəlif yerlərində gizlədilir, it isə onu tapıb çıxarır. Prosesə elə oradaca canlı şahidlik etdik. Bizim müşahidəmizlə avtomobilin ən ağılagəlməyən yerlərində gizlədilən təlim məqsədli narkotik vasitəni “Leydi” ləqəbli it çox asanlıqla tapdı.

Təlimçilərin dediyinə görə, itlər əsasən oyun sistemi ilə hazırlanır. Axtarış zamanı itlər aktiv və ya passiv reaksiya verə bilər. Aktiv reaksiyada onlar səs çıxarır, cırmaq atır, yeri qazır və ya hürürlər, passiv reaksiyada isə narkotik vasitəni tapdığı yerə uzanır və ya otururlar.

Qeyd edək ki, sözügedən mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası da fəaliyyət göstərir. Klinikada itlərin müayinə və müalicəsi üçün bütün imkanlar var.

  • Kadr hazırlığı məsələsində Dövlət Gömrük Komitəsi Akademiyasının əvəzsiz rolu var

Azərbaycanın gömrük sistemində aparılan islahatlardan və gələcək perspektivlərdən danışarkən son illərin kadr hazırlığını ayrıca vurğulamaq lazımdır. Təbii ki, burada Dövlət Gömrük Komitəsinin Akademiyasının rolu və yeri əvəzsizdir. Akademiya Azərbaycan Prezidentinin 24 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Bura ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Trend-in sorğusuna cavab olaraq Akademiyadan bildirildi ki, hazırda burada tələbələrin ümumi sayı 250 nəfərdir. Onlardan 241-i bakalavr, 9 nəfəri isə magistr təhsili alır: “Bakalavr pilləsi üzrə Akademiyada 3 ixtisas – Hüquqşünaslıq, İqtisadiyyat və İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbələr təhsil alırlar. 2019/2020 tədris ilində Akademiya 100% qəbul nəticəsi əldə edib. Akademiyanın əsas fəaliyyət istiqamətləri bakalavr və magistr hazırlığı ilə yanaşı, xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimlərinin təşkilidir. Akademiya bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir. Bunlar Ümumdünya Gömrük Təşkilatı – ÜGT (World Customs Organisation - WCO), Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (The International Network of Customs Universities - INCU), Rusiya Gömrük Akademiyası, PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) və s.dir.

Akademiyada təhsilin keyfiyyətinin artırılması və tədrisin beynəlxalq standartlarda təşkili üçün ardıcıl olaraq addımlar atılır. Burada söhbət həm idarəetməyə və tədris prosesinə daha keyfiyyətli kadrların cəlb olunmasından, həm infrastrukturun, həm tədris və biliyin qiymətləndirilməsi prosesinin mütəmadi yaxşılaşdırılmasından, həm də daha mütərəqqi tədris proqramlarının tətbiqindən, tədris və elmi araşdırma zamanı daha müasir ədəbiyyatlardan istifadə edilməsindən gedir. Bu məqsədlə Akademiyanın auditoriyalarının sayı son 1 ildə 30% artırılmışdır. Bütün auditoriyalar elektron lövhə ilə təhçiz edilmişdir. Akademiyada 2 yeni bilgisayar laboratoriyası yaradılmışdır”.

  • Qiymətləndirmə tam elektron qaydada həyata keçirilir

Təhsil müəssisəsindən onu da qeyd etdilər ki, akademiyanın kadr potensialı mütəmadi olaraq yenilənir. Hər semestr üçün fənləri tədris edə biləcək ən yaxşı müəllimlərin obyektiv seçimini həyata keçirmək məqsədilə hazırlanmış xüsusi mexanizm mövcuddur: “Tədris prosesinin bütün mərhələlərinə ciddi nəzarət olunur. Qiymətləndirmə tam elektron qaydada həyata keçirilir. Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsi sualların keyfiyyətli hazırlanmasını, imtahanların ədalətli, effektiv və şəffaf keçirilməsini, imtahan nəticələrinin maksimum dərəcədə obyektiv qiymətləndirilməsini, etirazların operativ araşdırılmasını və appelyasiya proseslərinin təşkilini təmin edir.

Akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilir. Təlimlər və sertifikatların verilməsi prosesi Türk Standartları İnstitutu (TSE) tərəfindən həyata keçirilir. Akademiyanın ISO 9001:2015 (Keyfiyyəti idarəetmə sistemi) sertifikatını alması üçün bütün müvafiq tədbirlər görülüb”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyanın fəaliyyətini beynəlxalq standartların tələblərinə müvafiq olaraq həyata keçirmək məqsədilə Türkiyə Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi ilə Akademiya arasında müqavilə imzalanıb.

  • Keçən il Gömrük Komitəsi büdcəyə 706,6 milyon manat əlavə vəsait köçürüb

Göründüyü kimi, Azərbaycanın gömrük sahəsində xeyli dirçəlişin olduğu göz önündədir. Yaxın bir neçə illə müqayisədə bu sahədə ciddi nailiyyətlərin əldə olunduğunu əminliklə demək olar. Xüsusən də 2019-cu il komitə üzrə makrogöstəricilər baxımından daha uğurlu bir il olmuşdur.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə çıxışı zamanı vurğuladı ki, 2018-ci ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə 2019-cu ildə gömrük ödənişlərindən faktiki olaraq 1 milyard 970 milyon əlavə vəsait toplanaraq dövlət büdcəsinə köçürülmüşdür. Onun sözlərinə görə, gömrük sistemində son iki ildə aparılan islahatlar sayəsində əvvəlki illərlə müqayisədə keçən il bir milyard, bu il 2 milyarda yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir. Bu da iki dəfədən çoxdur:

“2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu. Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil etmiş, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülmüş və icraya 119,1 faiz əməl olunmuşdur. 2019-cu il ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalmışdır. Belə ki, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, ümumiyyətlə, güzəştlər tətbiq olunur. Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisinin azadolmanın həcmi isə 35 faiz təşkil edib. Ümumilikdə bu kontekstdə gördüyümüz işlər nəticəsində kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunmuş, xüsusilə də digər ölkələrdən, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə sahibkarların qiymət azaltma tendensiyası 2019-cu ildə azalmışdır.

  • Sərhəddə sıxlıq aradan qaldırılacaq

2018-ci illə müqayisədə 2019-cu ildə 2 milyon daha çox vətəndaş giriş və çıxış həyata keçirmişdir. Bunun 3 milyon 170 min nəfərini xarici turistlər təşkil edib. Qalanları isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələn Azərbaycan vətəndaşlarıdır. Bu axının qarşılanması, onlara xüsusi xidmət göstərilməsi, həm insanların, həm də yüngül nəqliyyat vasitələrinin yoxlanması üçün rentgen qurğuları alınıb. Sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı artıq biz hökumətdə də müzakirələr aparmışıq. Gələcəkdə həm ixracı və idxalı, həm də tranzit potensialımızı qarşılamaq məqsədilə istər qərb, istərsə də şimal istiqamətində yeni keçid məntəqələrinin tikilməsi işinə başlanılıb və bu işlər cari ildə də davam etdiriləcək”.

Beləliklə, gömrük sisteminin yaxşılaşdırılması istiqamətində həm bugünədək görülən işlər, həm də qarşıda həllini gözləyən əsas vəzifələr dövlətin gömrük siyasəti ilə bağlı müəyyən etdiyi şəffaflıq prinsiplərinə işıq salır və gələcək perspektivdə ümumi nəticələrin daha da yaxşı olacağına ümid yaradır.

Məqalə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti