...

Fermerlərin elektron sistemlə subsidiya alınmasındakı problemə aydınlıq gətirildi

İqtisadiyyat Materials 10 Mart 2020 17:28 (UTC +04:00)
Bu il ölkədə ilk dəfə olaraq fermerlər subsidiyanı elektron sistem üzərindən aldıqlarından bəzi məsələlərdə çaşqınlıqları var.
Fermerlərin elektron sistemlə subsidiya alınmasındakı problemə aydınlıq gətirildi

Bakı. Samir Əli - Trend:

Bu il ölkədə ilk dəfə olaraq fermerlər subsidiyanı elektron sistem üzərindən aldıqlarından bəzi məsələlərdə çaşqınlıqları var.

Trend-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, görülmüş böyük işlərə baxmayaraq, fermerlərin bəzi məsələlərdə məlumatsızlıqları hələ də mövcuddur. Fermerləri çaşdıran əsas məsələlərdən biri təchizatçı bazarının liberallaşdırılmasıdır:

“Biz fermerlər kimi, təchizatçıların da EKTİS-də qeydiyyatdan keçməsinə şərait yaratsaq da, rayonlarda fəaliyyətlərini qurmalı və fermerlərin onları tanımaları üçün təbliğatlarını aparmalıdırlar. Doğrudur, biz saytımızda bu təchizatçıların siyahısını, əlaqə nömrələrini yerləşdirmişik, amma təchizatçılar logistika və fermerlə əlaqələri yaxşılaşdırmalıdırlar. Fermerlər kartla alış-verişə alışmayıblar. Bildiyiniz kimi, Qaydalara uyğun olaraq, subsidiya vəsaitinin yalnız 25%-i nağdlaşdırıla bilər. Fermerin kart balansında da nağdlaşdırıla və nağdlaşdırıla bilinməyən balanslar ayrıca görünür. Gübrə almaq istəyən fermer almaq istədiyi həcmdə məhsulun qiymətinin 70%-ni kartındakı nağdlaşdırılmayan vəsaitdən ödəyə bilər. Qalan 30%-i isə özü nağd və ya nağdsız vəsaiti ilə ödəməlidir. Bu ilədək gübrə satışındakı mövcud olmuş qaydalara görə qiymətin 70%-ni dövlət təchizatçıya birbaşa ödəyirdi, fermer yalnız ödədiyi 30%-i qiymət kimi görürdü. İndi isə həmin vəsait fermerə subsidiya kimi köçürülür və fermerlər gübrə-pestisidlərin satışında dövlətin güzəşt etmədiyini düşünürlər”.

AKİA sədri analoji halla əkin bəyanı etməyənlərin də rastlaşdığını qeyd edib. Subsidiya üçün müraciət etməyənlər gübrə qiymətlərindəki güzəşti görə bilmirlər. “Fermerləri EKTİS-də qeydiyyatdan keçməyə, əkin bəyanı etməyə çağıranda biz məhz bu yeniliklərə görə onların bu addımı atmalarını istəyirdik”, deyən AKİA sədri əlavə edib ki, əkin bəyanı üçün fermerin sənədləri qaydasında olmalıdır. Kooperativ yaradanlar, başqa şəxslərə məxsus torpaqlarda əkin aparanlar yaratdıqları qurumun hüquqi statusunu təsdiqləyən sənədləri, müqavilələri qaydasında hazırlamalı, kooperativlər fərdin deyil, hüquqi şəxsin adına bank hesabı açdırmalıdırlar.

Qeyd edək ki, yeni subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 759 nömrəli Fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və həmin təlimçilər fermerlərlə görüşlərdə yeni subsidiya mexanizmini fermerlərə izah ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti