...

Azərbaycan neft hasilatının ilin sonunadək hər ay artırılmasını nəzərdə tutan yeni “Əməkdaşlıq Bəyannaməsi”ni dəstəkləyib

İqtisadiyyat Materials 18 İyul 2021 16:55 (UTC +04:00)
Azərbaycan neft hasilatının ilin sonunadək hər ay artırılmasını nəzərdə tutan yeni “Əməkdaşlıq Bəyannaməsi”ni dəstəkləyib

Bakı. Trend:

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barellik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaqdır.

İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov “OPEC+”un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.

Qeyd edək ki, yeni razılaşma, “OPEC+” ölkələri üzrə mövcud 5,8 milyon barel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 milyon barel azaldılmasını nəzərdə tutur.

İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin sentyabrın 1-də keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti