...

SOCAR-ın Metanol Zavodunun istehsal gücü 100%-ə çatdırılıb

İqtisadiyyat Materials 21 İyul 2021 13:49 (UTC +04:00)
SOCAR-ın Metanol Zavodunun istehsal gücü 100%-ə çatdırılıb

Bakı. Trend:

Bakının Qaradağ rayonunda yerləşən, Qafqazda yeganə Metanol Zavodu 5 ildir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəetməsindədir.

2013-cü ildə istismara verilmiş bu emal müəssisəsini 2016-cı ilin noyabr ayından SOCAR-ın törəmə şirkəti - “SOCAR Methanol” MMC təhvil alıb, 2018-ci ilin oktyabr ayından isə obyekt SOCAR-ın strukturuna daxil edilib və hazırda uğurla fəaliyyət göstərir.

Amma uğura aparan yol heç də rəvan olmayıb və oradakı bugünki vəziyyət SOCAR-ın 5 illik idarəetməsinin nəticəsidir.

Xatırladaq ki, Metanol Zavodunu vaxtilə özəl sektora məxsus “Azerbaijan Methanol Co.” MMC inşa edib. Bunun üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən (ABB) böyük məbləğdə kredit alınıb. Zavodun iqtisadi layihələndirilməsində yol verilmiş müəyyən nöqsanlara görə götürülmüş kreditlərin geri qaytarılması problemə, zavod özü isə problemli bir aktivə çevrilib.

SOCAR əldə etdiyi problemli zavodu müasir standartlara uyğun şəkildə yenidən qurdu, burada ICI firmasının aşağıtəzyiqli, 1970-ci il buraxılışı olan metanol istehsalı texnologiyasını tətbiq edərək onu bugünkü səviyyəyə çatdırıb.

Bu ilin yanvar-aprel aylarında müəssisədə əsaslı təmir işləri aparılıb və uğurla başa çatdırılıb. Metanol Zavodu bu il aprelində işə qoşulub, müvafiq sınaq işləri aparılıb, mayın 2-dən isə məhsul istehsalına başlanılıb və nəticə etibarilə qurğunun istehsal gücünün 1 700 ton/günə (100% məhsuldarlıq) çatdırılması mümkün olub. Burada mayda 47 min ton, iyunda isə 51 min ton metanol istehsal olunub.

Metanol Zavodunda 1 adda məhsul - təmizlik dərəcəsi 99,99% olan “A” marka metanol (metil spirti) istehsal olunur. İstehsal həcmi 2019-cu ildə 383 min ton, 2020-ci ildə isə 476 min ton təşkil edib. Hazırda zavodun illik istehsal gücü 561 min tondur və 36,5 hektar ərazini əhatə edir. Burada orta yaşı 38 olmaqla 325 nəfər işlə təmin olunub.

Beynəlxalq normalara cavab verən metanolun keyfiyyətini zavodun tərkibində yerləşən mərkəzi laboratoriya və beynəlxalq səviyyədə tanınmış keyfiyyət təftiş şirkətləri mütəmadi yoxlayır. Məhsul müvafiq uyğunluq sertifikatına (ГОСТ 2222-95) və beynəlxalq REACH sertifikatına (məhsulun Avropa İttifaqına ixracına icazə verilməsinə imkan verən sənəd) malikdir.

İstehsal olunan metanolun böyük hissəsi ixrac edilir. Məsələn, 2019-2020-ci illərdə məhsul satışı müvafiq olaraq 400 min və 479 min ton olub ki, bunların da 391 tonu və 469 tonu xarici bazarlara yönəldilib. Alıcılar Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, Niderland Krallığı, Belçika, İsrail, Braziliya, Argentina, Ukrayna, Misir, Yunanıstan, Bolqarstan, Çin, Qazaxstan, İspaniya və Fransadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti