...

Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

İqtisadiyyat Materials 9 Avqust 2022 21:53 (UTC +04:00)
Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Bakı. Trend:

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar arasında videokonfrans formatında görüş olub.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-a bildiriblər ki, görüşdə nazir S.Babayev ötən dövrdə ölkəmizdə aparılan sosial islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, şəhid ailələri üzvləri, həmçinin müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri, postmüharibə dövründə sosial dəstək tədbirləri, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər barədə ətraflı məlumat verib.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri hər iki nazirlik arasında bir çox sahələrdə, o cümlədən əmək və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi, fəal təcrübə mübadiləsi üçün böyük potensialın mövcudluğundan bəhs edib. Nazirliklər arasında əməkdaşlığın hüquqi bazasının gücləndirilməsinin vacibliyini qeyd edən nazir S.Babayev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi üzrə hazırlıq işlərinin aparıldığını nəzərə çatdırıb.

DOST layihəsinin ərsəyə gətirilməsi və inkişafı, o cümlədən DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, vətəndaşlara xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə həmkarına ətraflı məlumat verilib. DOST təcrübəsinin bir çox xarici ölkələrin müvafiq qurumları tərəfindən öyrənildiyini bildirən nazir, Moldova ilə mütərəqqi təcrübəni bölüşməyə hazır olduğunu söylənilib.

Nazir S.Babayev mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin ölkə başçılarının birgə səyləri ilə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

M.Spatar iki ölkə arasında sosial təminat sahəsində formalaşan uğurlu əməkdaşlıqdan söhbət açıb, əmək və sosial xidmətlər ilə bağlı Moldovanın təcrübəsi, əldə olunan uğurlar barədə məlumat verib.

Azərbaycanda sosial sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirən M.Spatar hər iki nazirliyin bu prosesdə fəal təcrübə mübadilələrinin önəmini qeyd edib. Ölkəsinin əmək və sosial müdafiə sahəsində ciddi islahatlara hazırlaşdığını söyləyən nazir Spatar, Azərbaycanın DOST təcrübəsinin yaxından öyrənilməsi, eyni zamanda tətbiqinə maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan Moldova arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti