...

Dayanıqlı inkişaf sahəsində BMT ilə birgə layihəyə ayrılan vəsaitin həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 Mart 2023 13:53 (UTC +04:00)
Dayanıqlı inkişaf sahəsində BMT ilə birgə layihəyə ayrılan vəsaitin həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dayanıqlı inkişaf hesabatlarına əsasən yüksək qiymətlər alan yeganə ölkədir.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə İstiqamətləndirici Komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan bu layihə çərçivəsində növbəti hesabatı BMT-yə 2024-cü ildə təqdim edəcək. O həmçinin Azərbaycan və BMT arasında bu layihə üzrə beş istiqamətdə tədbirlər görüldüyünü xatırladıb.

"Bugünkü iclasda da bir daha bu məsələlər nəzərdən keçiriləcək və təsdiq olunacaqdır. Məlumat üçün bildirək ki, Çərçivə Sənədi üzrə 2022-ci il ərzində layihələrin həyata keçirilməsinə 25,4 milyon ABŞ dolları vəsait xərclənib. Bu il üçün nəzərdə tutulan büdcə isə 32 milyon ABŞ dolları təşkil edir",- o deyib.

Sahib Məmmədov Azərbaycanın yaşıl texnologiyaların və yaşıl inkişafın tətbiq siyasətinə sadiq qaldığını, habelə bunun layihənin və ölkənin BMT qarşısındakı öhdəliklərinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib.

"2022-ci ildə 2021-ci ilə nisbətən ÜDM real ifadədə 4,6%, adambaşına düşən ÜDM isə 4,1% artıb. 2022-ci ildə qeyri neft-qaz sektorunun bütün sahələrində əlavə dəyər üzrə artım müşahidə olunub. Ümumilikdə, son 10 ildə ölkə iqtisadiyyatında mühüm struktur dəyişiklikləri və şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi nəticəsində qeyri-neft-qaz sektoru milli iqtisadiyyatın başlıca artım və inkişaf amilinə çevrilib. 2011-2021-ci illərdə ölkə iqtisadiyyatına yatırılan böyük həcmdə birbaşa xarici investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm təməl amillərindən biri olub. Azərbaycan 2021-ci illə müqayisədə 5 pillə irəliləyərək 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb.Hesabatdakı mövqeyi ilə ölkəmiz dünyada hər üç ölkədən ikisini qabaqlayıb və Cənubi Qafqaz regionunda öz lider mövqeyini qoruyub", - o deyib.

Nazir müavini həmçinin BMT-nin Azərbaycanı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində dəstəklədiyini qeyd edib.

"Ötən il BMT-nin İnkişaf Proqramının Ölkə Nümayəndəliyi ilə birgə məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün minatəmizləmə ilə bağlı layihənin icrasına başlanılıb. Şübhəsiz ki, qlobal minatəmizləmə səylərinin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi vacibdir", - o deyib.

Sahib Məmmədov bu il həmçinin minaların təhlükəsi və partlamamış döyül sursatları barəsində məlumatlandırma üzrə tədbirlərin gözlənildiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti