...

İdarəçiliyi peşə kimi qəbul etməliyik - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 15 İyul 2023 10:53 (UTC +04:00)
İdarəçiliyi peşə kimi qəbul etməliyik - Mikayıl Cabbarov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İdarəçiliyi peşə kimi qəbul etməliyik.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində söyləyib.

Nazir qeyd edib ki, ölkədə idarəçilərin seçiminə aid meyarlar aydındır: “Yüksəliş” müsabiqəsi uzun illər ərzində bu baxımdan rol oynayacaq, öz töhfəsini verəcək. Bu il müsabiqə Ulu Öndərin 100 illiyi kontekstində baş tutur.

Ötən ilin iştirakçılarından 60 faizi bu il də müsabiqədə iştirak edir və onlar arasından finala yüksələnlər var.

"Bu müsabiqə peşəkar müsabiqədir. İdarəçiliyi peşə kimi qəbul etməliyik. İdarəçilikdə olan peşə riskləri şəxsi inkişaf, şəxsi balansın qorunmasıdır. Digərlərindən daha çox çalışıb, daha çox töhfə vermək liderliyin təməl faktorlarından biridir. Bütün iştirakçılara uğurlar arzulayıram. Ən layiqli namizəd qalib gəlsin”.

Qeyd edək ki, iyulun 16-dək davam edəcək final mərhələsində 109 namizəd iştirak edəcək.

Ümumilikdə Bakı üzrə 73, regionlar üzrə 36 iştirakçı final mərhələsinə keçib. Onlardan 87-si kişi, 22-si qadındır. Finalçılar arasında beynəlxalq, özəl və dövlət şirkətlərində, həmçinin QHT-də çalışan namizədlər yer alır. Finalçılar arasında 21-30 yaş arasında olan iştirakçılar üstünlük təşkil edir. Namizədlərdən 66-sı ötən illərin “Yüksəliş” müsabiqəsinin iştirakçılarıdır.

Final mərhələsinə keçid üçün 17 bal müəyyən edilib. İştirakçılar iki gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçıların 8 səriştəsi (strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq.

Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti