Bakı. Trend:
Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.
Görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan, o cümlədən, “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi mərhələsi üzrə işlərin uğurla yekunlaşdırılmasından məmnunluq ifadə olunub.
Tərəflər “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, həmçinin, “TotalEnergies” və SOCAR arasında dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi kampaniyalarının həyata keçirilməsinə” dair Əməkdaşlıq Sazişi üzrə görülən işləri nəzərdən keçiriblər.
Görüşdə neft-qaz, yaşıl enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.