...

Beynəlxalq Ticarət Palatası COP29 prosesində özəl sektorun iştirakına diqqət yetirəcək - Baş katib (Özəl müsahibə)

İqtisadiyyat Materials 4 Mart 2024 08:00 (UTC +04:00)
Beynəlxalq Ticarət Palatası COP29 prosesində özəl sektorun iştirakına diqqət yetirəcək - Baş katib (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Ticarət Palatası (ICC) COP29 prosesində özəl sektorun iştirakına diqqət yetirəcək.

Bunu Trend-ə özəl müsahibəsində ICC-nin baş katibi Con Denton deyib.

"Azərbaycana səfərim zamanı diqqətim ölkədə COP29 ilə bağlı məsələlərə yönəlib. Mən COP-un yeni prezidenti və prosesdə iştirak edən digər şəxslərlə görüşdüm. Bundan əlavə, biz fəaliyyətimizi dəstəkləmək və Azərbaycanın regionda potensial iqtisadi mərkəz kimi əhəmiyyətini qəbul etməyimizin bir əlaməti olaraq Azərbaycanda ICC Milli Komitəsinin yaradılması imkanlarını araşdırırıq. Biz dünyanın ən böyük biznes təşkilatı olduğumuz üçün təkcə Azərbaycanı və onun COP prosesində liderliyini dəstəkləmək deyil, həm də burada özəl sektorun inkişafına dəstək yollarını araşdırmaq məqsədəuyğundur", - deyə o bildirib.

C.Denton hesab edir ki, ilk növbədə Beynəlxalq Ticarət Palatasının özəl sektoru bütün COP prosesinə cəlb edən əsas alət olduğunu başa düşmək vacibdir:

"Biz Paris Sazişinin bağlanmasından sonra mühüm rol oynamışıq. Əslində, Paris Sazişinin özünün bağlanması prosesinin uğurla başa çatmasında həlledici rol oynayan məhz ICC olmuşdur. Və biz COP prosesinin əvvəlindən özəl sektora yönəlmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (UNFCCC) əsas özəl sektor tərəfdaşı olmuşuq. Beləliklə, COP29-da bizim rolumuz yenə də özəl sektorun gündəliyin müəyyən edilməsində lazımi şəkildə iştirakını təmin etmək, eləcə də COP29-un lideri kimi təkcə Azərbaycanın deyil, bütün dünya ictimaiyyətinin Paris Sazişində nəzərdə tutulan nəticələrə nail olmaq məqsədlərinə çatmaqdan ibarət olacaq".

O əlavə edib ki, coğrafi baxımdan Şərqlə Qərb arasında yerləşən Azərbaycan Qafqazda regional inkişafın mühüm iştirakçısı və güclü enerji mərkəzidir:

"Biz istəyirik ki, Azərbaycan real nəticələrə nail olmaq üçün qlobal birlik arasında mümkün qədər çox siyasi kapitalı səfərbər etmək üçün bütün gücündən istifadə etsin. Biz səmərəli və işlək karbon bazarlarının olmasını təmin etmək üçün Paris Sazişinin 6-cı maddəsi üzrə sonsuz müzakirələr görmək istəyirik. Biz ticarət müzakirəsinin iqlim müzakirəsi ilə birləşdiyini görmək istəyirik ki, vahid bir sistem yaransın. Mən bütün bu məsələləri COP29-un prezidenti ilə müzakirə etdim. ICC-də 170 ölkə iştirak edir. Biz hər il 17,5 trilyon dollar məbləğində iqtisadi fəaliyyəti təmin edirik. Bu məbləğin 10 trilyon dolları faktiki olaraq qlobal ticarət maliyyə bazarını gücləndirir. Hazırda biz 10 trilyon dollarlıq ticarət maliyyəsi bazarını əhatə edəcək bir təşəbbüs üzərində çalışırıq. Biz onu sektorlara bölürük və bütün kritik sektorların davamlılıq nəticələrinə uyğun olmasını təmin edirik".

O əlavə edib ki, ICC səmərəli şəkildə ticarətin maliyyələşdirilməsi üsullarını təsnif edən davamlı ticarət çərçivəsi yaradır ki, bu da zamanla bütün qlobal ticarət maliyyə bazarını Paris Sazişinə uyğunlaşdırmağa kömək edəcək:

"Bu, bizim Paris Sazişinin yaşıllaşdırılmasına və həyata keçirilməsinə verəcəyimiz böyük töhfədir. Bu, mənim COP29 prezidenti ilə paylaşdığım təşəbbüsdür. Daha sonra, bu il biz Bakı COP29-a daha çox sektorlar əlavə edəcəyik. ICC-nin burada milli komitənin yaradılması imkanını nəzərdən keçirməsi Bakının lazımi dəstəklə təkcə regionda deyil, həm də qlobal miqyasda çox mühüm rol oynaya biləcəyinə dair gözləntilərimizi əks etdirir. Biz daha çox azərbaycanlı sahibkara qlobal iqtisadiyyatda iştirak etmək imkanı vermək istəyirik. Biz zəmanət vermək istəyirik ki, ICC prinsiplərini qəbul etməklə və ICC Arbitraj Məhkəməsindən istifadə etməklə biz Azərbaycana birbaşa xarici investisiyaları cəlb etmək üçün daha çox imkanlar yaradaq ki, bu da iqtisadi inkişafa kömək edəcək".

C.Denton qeyd edib ki, BCM Azərbaycana regionun digər iqtisadiyyatları ilə potensial əlaqə kimi baxır.

"İqlim məqsədlərinin maliyyə aspektinin üç ölçüsü var. Birincisi, bu, enerji keçidində iştirak edən inkişaf etməkdə olan ölkələr və formalaşan bazar iqtisadiyyatı ölkələri dəstəkləmək üçün maliyyənin təmin edilməsi ilə bağlı qabaqcıl iqtisadiyyatları olan ölkələrin öhdəliyidir. Bununla bağlı müəyyən hərəkətlər olub. Lakin bu istiqamətdə əlavə tədbirlər görülməsə, inkişaf etmiş iqtisadiyyatlarla qlobal Cənub arasında etimad sarsılacaq. Və bu, iqtisadiyyatın uğuruna və COP prosesinin özünə zərər verəcək. Buna görə də, qlobal səviyyədə vəd edilənin həqiqətən yerinə yetirilməsini təmin etmək çox vacibdir. İkinci ölçü faktiki olaraq qlobal maliyyə arxitekturasının, maliyyəni təşkil etməyimizin iqlim fəaliyyətinə dəstək verməsini təmin etməkdir: makroprudensial tənzimləmə iqlim nəticələrinə nail olmaq üçün lazım olanlara uyğundurmu? Çoxtərəfli inkişaf bankları, xüsusən də inkişaf etməkdə olan ölkələr və formalaşan bazar iqtisadiyyatı ölkələrdə tələb oluna bilən kapitalın stimullaşdırılmasına, eləcə də fəaliyyətin dəstəklənməsinə yönəlibmi?" - deyə o bildirib.

C.Denton qeyd edib ki, inkişaf etmiş iqtisadiyyatlara enerji keçidi investisiyalarının təxminən 65 faizi özəl sektordan gəlir:

"Biz inkişaf etməkdə olan iqtisadiyyatlarda eyni səviyyəni görmürük. Üçüncü istiqamət isə sadəcə hərəkətə keçməkdir. ICC səlahiyyətli olduğu yerdə, yəni ticarətin maliyyələşdirilməsində fəaliyyət göstərir. Biz istəyirik ki, daha çox təşkilat bunu etsin. Fəaliyyətlə bağlı olan liderlik həqiqətən də COP29 prosesinin əsas elementidir".

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti