Astana. Trend:
İstanbulda Türk İnvestisiya Fonduna üzv ölkələrin Rəhbərlər Şurasının ilk iclası keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə deyib.
"17-18 may 2024-cü il tarixlərində Türk İnvestisiya Fonduna üzv ölkələrin Rəhbərlər Şurasında Qazaxıstanın nümayəndəsi olan Qazaxıstan Respublikasının baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun iştirakı ilə İstanbulda Türk İnvestisiya Fonduna üzv ölkələrin Rəhbərlər Şurasının ilk andiçmə iclası keçiriləcək", - o deyib.
Onun sözlərinə görə, görüşün əsas məqsədi Fondun Rəhbərlər Şurasının rəsmi olaraq fəaliyyətə başlaması və
O qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd rəsmi fəaliyyətin başlaması və Türk İnvestisiya Fondunun idarə edilməsi ilə əlaqədar müvafiq qərarların qəbul edilməsi, eləcə də təsisçi ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və dayanıqlı inkişafın dəstəklənməsindən ibarətdir.
Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının 2023-cü il martın 16-da Ankarada keçirilən növbədənkənar sammiti çərçivəsində imzalanıb.
Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan olmaqla 5 ölkədir. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Mütləq pay hər ölkə üzrə 70 milyon dollar olmaqla, 350 milyon dollardır.
Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiya üçün ilk birgə maliyyə institutudur. Məqsədi regionlararası ticarəti genişləndirmək və iqtisadi fəaliyyətə dəstəkləməklə TDT-yə üzv dövlətlərin iqtisadi inkişafına köməklik göstərməkdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)