Bakı. Trend:
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.
Trend-in cümə axşamı verdiyi məlumata görə, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov iştirak ediblər.
Qeyd olunur ki, bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək. Forum ticarət həcminin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması yollarının müzakirəsi platformasına çevriləcək.
Bundan əlavə, biznes forum çərçivəsində “Made in Azerbaijan” sərgisinin də keçirilməsi nəzərdə tutulur”.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib ki, Azərbaycan sahibkarları Özbəkistana məhsul ixrac etməkdə maraqlıdırlar.
“Foruma Azərbaycandan 67 şirkət, o cümlədən, 10-a yaxın dövlət qurumunun nümayəndəsi gəlib. “İqtisadiyyatın əsas istiqamətləri” adlı Azərbaycan məhsullarının sərgisi bu gün başlayır".
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılması gözlənilir.
“Yaxın zamanda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılması gözlənilir. Bu investisiya layihəsi özbək şirkəti tərəfindən həyata keçirilir,” - deyə nazir vurğulayıb.
Nazir, həmçinin, Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının sürətlə inkişaf etdiyini qeyd edib.
“Azərbaycan sahibkarlarının Özbəkistanda aktiv fəaliyyətə marağının əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Qarşılıqlı maraq özbək biznesmenləri tərəfindən də artır ki, bu da bizi çox sevindirir. Əvvəlki illərdə vurğuladığımız kimi, indi bizim birgə emissiya alətimiz var və inanıram ki, zaman keçdikcə onun müsbət təsirini daha çox görəcəyik,” - deyə o əlavə edib.
Xəbər yenilənəcək