Bakı. Trend:
Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) ölkələrinin şirkətləri Azərbaycanda bizneslə məşğul olmağa maraq göstərirlər.
Trend xəbər verir ki, bu barədə Oman Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Faisal bin Abdullah Al- Ravas jurnalistlərə bildirib.
"Bir çox şirkət qida təhlükəsizliyi, logistika və sənaye kimi sahələrə maraq göstərir. Dünən biz azad iqtisadi zona ilə tanış olduq və biznesi dəstəkləyən tədbirlər barədə məlumat aldıq. Fars körfəzi ölkələrinin şirkət sahibləri bu stimulları çox müsbət qiymətləndirdilər və ümid edirik ki, investisiyalar tezliklə özünü göstərəcək", - o bildirib.
Faisal bin Abdullah Al-Ravas, həmçinin, bu gün Fars körfəzi ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş qarşılıqlı Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
"Azərbaycanda inkişaf etmək bizim üçün perspektivli gələcək açır və biz əlavə investisiyaların cəlb edilməsinə çalışırıq ", - o əlavə edib.
Qeyd edək ki, İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumu başlayıb.
Forumda "bərpa olunan enerji mənbələri (BEM), təmiz enerji, elektrik enerjisi və su layihələri üzrə əməkdaşlıq", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında nəqliyyat və logistika sektorlarında çağırışlar və imkanlar", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və ərzaq sənayesi üzrə strateji tərəfdaşlıq" mövzularında panel müzakirələr aparılacaq.