Kəlbəcər. Trend:
“İstisu” mineral su zavodunun oktyabr ayı ərzində ilk ixracını həyata keçirəcəyi gözlənilir.
Trend-in xəbərinə görə, bu barədə yerli jurnalistlərə müsahibəsində zavodun direktoru Adil Haqverdiyev məlumat verib.
"İstisu" - Kəlbəcər rayonunun İstisu qəsəbəsində unikal yeraltı termal-mineral su yatağından gələn, içməli təbii mineral qazlı sudur. 1951-ci ildə isti suyun xüsusiyyətlərinin araşdırılması məqsədilə professor Mirəli Qaşqayın rəhbərliyi altında Azərbaycan SSR Səhiyyə Nazirliyi və Azərbaycan SSR Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən birgə elmi araşdırma aparılıb.
Bu araşdırmanın nəticəsində mineral suların siyahısı hazırlanıb və bu sular arasından içilə bilən və ən faydalı su olaraq indiki İstisuyun mənbəyinin qazıntısı həyata keçirilib. Beləliklə, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb.
"İstisu" qısa müddətdə həm Azərbaycanda həm də qonşu ölkələrdə rəğbət qazanıb. Təəssüf ki, 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsal edilməsinə başlanılıb", - deyə o bildirib.
Zavod direktoru "İstisu" mineral suyunun digər mineral sulardan fərqli xüsusiyyətləri haqqında da məlumat verib. Bildirib ki, zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir:
“Kəlbəcərin unikal zəngin təbiəti “İstisu”ya öz töhfəsini verib. Su təbii olaraq 60°C-dən yüksək temperaturda çıxır ki, bu dərəcədə istilik mineralların suda daha rahat həll olmasına kömək edir. "İstisu" bənzərsiz bir sudur. Çünki heç bir mineral suda olmayan faydalı tərkibə məxsusdur. İçindəki mineralların hər biri insan sağlamlığına ciddi müsbət təsirlər edir. Hər bir insanın gündəlik mineral qəbul etmə norması var.
Bir çox suları içməklə siz sadəcə susuzluğunuzu yatırırsınız. Amma "İstisu" insanın gündəlik mineral qəbul etmə normasını rahatlıqla qarşılamağa kömək edir. Qida və sağlamlıq haqqında araşdırmalar onu göstərir ki, ən çox mineral itkisini qarşılayan mineral sudur. "İstisu" həm insanın susuzluğunuzu yatırır, həm də itirilən mineralların bərpasına kömək edir. "İstisu" mineral suyunun istehsalı zamanı həm faydalı minerallar, həm də mənbədəki unikal xüsusiyyət qorunur".
Adil Haqverdiyev zavodda istehsal olunan suyun işğaldan əvvəl istehsal edilən "İstisu"dan da tərkibinə görə fərqli olduğunu bildirib:
“İstisu" mineral suyunun istehsal prosesi ən müasir avadanlıqlarla həyata keçirilir. Zavodun işğaldan öncəki məhsulunda bu su təmizləmə sistemi yox idi və su içindəki ağır metallarla istehsal olunurdu. Tərkibindəki ağır metalların çoxluğunu görə reseptlər və limitlər qoyulurdu. Bu təbii bir hal idi. Ancaq biz hazırkı istehsal zamanı suyun bütün faydalı minerallarını saxlayırıq və zərərli mineralları təmizləyərək günlük içmə limitini artırırıq.
"İstisu" yüksək minerallı qazlı su olduğuna görə bütün istehlakçıları nəzərə alaraq qeyd edirik ki, hər bir insan gün ərzində bir litrədək bu sudan içə bilər. Bu limiti həm də ona görə deyirik ki, çox az adam müntəzəm tibbi yoxlamalardan keçir və sağlamlığı haqqında məlumatlıdır. Sağlam bir şəxs bu sudan rahatlıqla bir litrdən də çox içə bilər".
Adil Haqverdiyev istisu mineral suyunun təmizlənməsi prosesinə də aydınlıq gətirib:
“İstisu" mineral suyunun təmizləmə prosesində əsas meyar suyun faydalı tərkibinə toxunmadan ondakı zərərli mineralları təmizləməkdir. Ümumiyyətlə, Avropada mineral su istehsalçısına suyun təmizləmə prosesində fiziki və kimyəvi müdaxiləyə icazə verilmir. İstisna olaraq zərərli minerallardan sayılan dəmir, arsen, manqan və sair mineralları çıxarmağa icazə verilir.
Bizim suyun təmizləmə prosesi məhz bu sahədə 51 illik təcrübəsi olan alman şirkəti tərəfindən həyata keçirilir. Bu sistem dünyada çox az istehsalçıda mövcuddur. İstisu təmizlənmə prosesində alman mütəxəssislərini heyrətləndirmişdi. Onlar indiyə qədər bu keyfiyyətdə su təcrübələri olmadıqlarını bildiriblər. "İstisu"yun tərkibindəki hidrokorbanat, sulfat, natrium, xloridlər, kalsium, maqnezium və digər faydalı minerallar mənbədə olduğu formada qalıb.
Bizim məqsədimiz dünya miqyasında qəbul edilən və istehlak edilə bilən yüksək keyfiyyətli mineral su istehsal etməkdir. Ona görə həm suyun təmizlənməsini, həm də ümumiyyətlə zavodun istehsal proseslərini yerli və beynəlxalq standartlara uyğun həyata keçiririk. Zavod AZS 216–2006, ISO 9001:2015, ISO 22000:2018 üzrə sertifikatlaşdırılıb.
Kimyəvi tərkibinə görə "İstisu" sulfatlı-hidrokarbonatlı, natriumlu - içməli təbii mineral qazlı sudur. Biz İstisuyun tərkib göstəricilərini ən mötəbər beynəlxalq laboratoriyalarda yoxlatdıq. Analiz nəticələrini həm Almaniyada, həm də Türkiyədə söz sahibi balneoloqlara göndərdik. Onların hazırladıqları balneoloji hesabatlar elmi məqalə dəyərindədir. Yəni burda suyun tərkibinin insana necə faydalı olduğu elmi və təcrübədən gələn sübutlarla qeyd edilir. Bu faktlar xalqımız üçün qurur mənbəyidir. Həqiqətən də bu suyun tayı bərabəri yoxdur və bu bizə imkan verəcək ki, biz Azərbaycan məhsulunu dünyanın məşhur suları arasında tanıdaq və onun üstünlüyünü vurğulayaq".
A.Haqverdiyev bildirib ki, mineral tərkibinə görə suyun sağlamlığa bir sıra faydaları var:
"İstisu" mineral suyu mədə-bağırsaq funksiyasını yaxşılaşdırır, həzmi və turşu-qələvi balansını normallaşdırır, metabolizmi yaxşılaşdırır, şəkərli diabetdə şəkər səviyyəsini normallaşdırmağa kömək edir, artıq çəki problemlərinin həllində kömək edir, sümüklərin sağlamlığına dəstəkləyici rol oynayır, podaqranın və oynaq ağrılarının kəskinləşməsinə mane olur, böyrəklərdə və sidik kisəsində daşların yaranmasının qarşısını alır, ürək-damar xəstəlikləri və hipertenziya riskini azaldır, qan təzyiqini normallaşdırır, qəbizlik və qıcıqlanmış bağırsaq sindromunu aradan qaldırır, öd kisəsi və kanallarının funksionallığını normallaşdırmağa kömək edir, maye və elektrolit balansını tənzimləyir, optimal hidratasiya səviyyəsini qoruyur, fiziki fəaliyyətdən sonra mineralların bərpasına kömək edir, yaşlanma prosesini ləngidir, antioksidant xüsusiyyətlərə malikdir".
Onun sözlərinə görə, "İstisu" mineral su zavodunun fəaliyyətə başlaması Kəlbəcər və ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzur üçün əhəmiyyət kəsb edir.
"Çox qısa zaman içində dünya standartlarına uyğun müasir bir zavod inşa edilib, illərlə həsrətində olduğumuz “İstisu” markası yenidən xalqımıza təqdim edilib. Bu başda Prezidentimiz olmaqla dövlətimizin qüdrətinin təcəssümüdür.
"İstisu" mineral zavodunun fəaliyyətə başlaması eləcə də sosial və iqtisadi fəallığın artırılmasına təkandır. Zavodda 100 nəfərin işləməsi planlaşdırılıb. Hazırda işlə təmin olunan 75 nəfər əməkdaşın 56 nəfəri Kəlbəcər sakinidir. Bu da çox qürurverici bir haldır ki, köçdən əvvəl Kəlbəcər sakinləri işlə təmin olunublar. Zavod birnövbəli iş rejimində 100 faiz doluluqda işləyib, önümüzdəki aydan ikinövbəli iş rejiminə keçməyi planlanıb. Bu da öz növbəsində daha çox Kəlbəcər sakininin işlə təmin olunması deməkdir.
Qısa dövr ərzində daxili bazar ilə yanaşı ixrac danışıqlıqları da aparılmışdır. Oktyabr ayı ərzində ilk ixracı həyata keçirəcəyimiz gözlənilir. Bu da həm zavod, həm ölkəmiz adına qürurverici haldır. Artıq Kəlbəcərin məhsulu dünya bazarında olacaqdır", - deyə A.Haqverdiyev əlavə edib.