...

Azad edilmiş ərazilərdə icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kredit ayrılıb

İqtisadiyyat Materials 21 Oktyabr 2024 11:57 (UTC +04:00)
Azad edilmiş ərazilərdə icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kredit ayrılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirib.

Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinə göstərilən xidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.

Tədbirdə çıxış edən Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin üzvü Emin Şirinov təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kreditin ayrılması təmin edilib.

O, bu mexanizmi sahibkarlara çatdırmaqda Fondun xüsusilə maraqlı olduğunu vurğulayıb. Qeyd edib ki, SİF üzləşdikləri çətinliklərin həlli istiqamətində sahibkarlara səlahiyyətləri çərçivəsində dəstək verməyə hazırdır.

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı ilə bağlı bir sıra məqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, sahibkarlığın inkişafına yönələn dəstək mexanizmləri bu ərazilərdə insanların məskunlaşması, işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi baxımından olduqda önəmlidir.

Görüşdə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən vergiödəyicilərinin monitorinqi aparılıb və əsas məqsəd sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmasının qiymətləndirilməsidir. Çünki məhz qeydiyyatda olan sahibkarlıq subyektləri bu ərazilərdə rezident statusu əldə edərək vergi güzəştlərindən yararlana biləcəklər.

Sonda müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti