Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Dünya Bankı Qrupunun nümayəndəsi Daniel Morrisdir.
O, Trend-ə açıqlamasında bildirib ki, Bakıda keçirilən COP29 konfransı vacib əhəmiyyət daşıyır.
D.Morris qeyd edib ki, bu konfrans bütün dünyadan insanları bir araya gətirir.
“Beynəlxalq ictimaiyyət burada bir araya gələrək, iqlim dəyişikliyi ilə bağlı maliyyə məsələləri, iqlim dəyişikliyinin fəsadlarının qarşısının alınması, bundan daha çox əziyyət çəkən ölkələrə dəstəyin göstərilməsi və digər bu kimi məsələlər haqqında aydın qərarlar vermək imkanına malik olurlar.
Bu konfrans, eyni zamanda, Azərbaycan üçün dünyaya daha bir töhfə vermək imkanıdır. Azərbaycan qlobal problemlərin həllində aktiv rol oynadığını bir daha göstərə bilər”, - deyə D.Morris əlavə edib.
Azərbaycanda ilk dəfə olduğunu deyən D.Morris Bakını çox bəyəndiyini bildirib.
O əlavə edib ki, Bakının çox gözəl arxitekturası var və insanları mülayim və qonaqpərvərdir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.