Bakı. Trend:
Heydər Əliyev adına Neft Emal Zavodunda (NEZ) istismardan çıxarılmış qurğuların sökülməsinə başlanılması planlaşdırılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.
“Heydər Əliyev adına Neft Emal Zavodunda əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də istehsal və infrastrukturun müasir standartlara cavab verən səviyyəyə çatdırılması istiqamətində işlər davam etdiriləcək. İl ərzində zavodun istismar müddəti bitmiş bir sıra məhsul rezervuarlarının yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, modernizasiya və yenidənqurma layihəsi çərçivəsində inşa edilmiş yeni texnoloji qurğularla əlaqədar, bəzi köhnə qurğu və infrastrukturun istismarı dayandırılıb və 2025-ci ildən başlayaraq istismardan çıxarılmış qurğuların sökülməsinə başlanılması planlaşdırılır”, - deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodu benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu, mazut və digər neft məhsulları istehsal edərək daxili bazarın tələbatının əsas hissəsini ödəyir.