Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,2 milyard manatlıq, o cümlədən 5,07 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,0 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıq qeyri-ərzaq malları alıb.