Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda boru kəmərləri ilə 11,2 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 428,6 min ton və ya 3,7% azdır.
Bu nəqliyyat növü ilə yük dövriyyəsinin həcmi isə 10,1 milyard ton-km təşkil edib. Bu isə 2024-cü ilin ilk iki ayındakı göstərici ilə müqayisədə 614,9 milyon ton-km və ya 5,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1% və 4,8% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 36,3 milyon ton yük daşınıb. Yüklərin 4%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 56,9%-i avtomobil nəqliyyatı, 30,8%-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,6% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,9% təşkil edib. 2025-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 308,6 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı, 11,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.