Bakı. Trend:
Cari ilin birinci rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 62,7 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə ARDNF-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin sonuna nisbətən 2,7 milyard ABŞ dolları və ya 4,5% çoxdur.
Ötən ilin sonunda ARDNF-nun aktivlərinin həcmi 60 milyard ABŞ dolları idi.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.
ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.
ARDNF-nin fəaliyyəti aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir:
- Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;
- Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;
- Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.