Bakı. Trend:
Sığorta sektoru üzrə hesablanmış sığorta haqqının (HSH) 2026-cı ildə adambaşına minimum məbləğinin 195 manat olması planlaşdırılır.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusuna istinadən xəbər verir.
Eyni zamanda gələn il üzrə sığorta etimadı indeksinin 80%, hesablanmış sığorta haqqının qeyri-neft ÜDM-ə nisbətinin 2,15% olacağı ehtimal edilir.
Həmçinin 2026-cı il üçün həyat sığortası üzrə (yığım sığortası istisna olmaqla) hesablanmış yığım haqqının 280 milyon manat, könüllü sığorta üzrə (həyat sığortası istisna olmaqla) hesablanmış yığım haqqının 630 milyon manat olacağı proqnozlaşdırılır.
Bundan başqa, hesablamalara görə, cəmi sığorta aktivləri isə 2026-cı il üzrə 3,70 milyard manata bərabər olacaq.
Qeyd edək ki, Strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi nəzərdə tutulub. Sığorta sektoru üzrə əsas strateji hədəflər, sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə, sığortaya olan inam indeksinin 66%-dən 80%-ə yüksəldilməsini və sığortaçıların ödәmә qabiliyyәtinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir. Bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.