Bakı. Trend:
Pakistan azərbaycanlı investorlar üçün geniş imkanlar təklif edir.
Trend xəbər verir ki, bunu Pakistanın Milli Assambleyasının üzvü, dəmir yolları naziri Bilal Azhar Kayani Bakıda 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunun gedişində bildirib.
“Pakistanda beynəlxalq, o cümlədən, Azərbaycandan olan investorlar üçün nəhəng potensial var. Pakistan əməkdaşlığa hazırdır. Ölkənin iqtisadiyyatı pozitiv trayektoriyada irəliləyir”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, son il ərzində Pakistan iqtisadiyyatı stabilləşdirməyə nail olub: ölkənin valyuta ehtiyatları artıb, inflyasiya əhəmiyyətli dərəcədə azalıb, enerji resurslarının qiymətləri enib. Ölkədə federal hökumət strukturunun optimallaşdırılması prosesi başlanılıb.
“Biz investorlar üçün vahid pəncərə – Xüsusi İnvestisiyalara Dəstək Şurası (SIFC) yaratmışıq. Bütün bu tədbirlər investorlar, şirkətlər və sahibkarlar üçün fəaliyyətin asanlaşdırılmasına yönəlib. Pakistan biznes üçün açıqdır”, – deyə nazir vurğulayıb.
O, həmçinin, qeyd edib ki, Pakistan Azərbaycanla münasibətlərə xüsusi önəm verir. “Bu, Pakistan xalqı üçün prioritetlərdən biridir. Biz iki qardaş ölkəyik”, – deyə o əlavə edib.
Kayani vurğulayıb ki, kənd təsərrüfatı Pakistan iqtisadiyyatının əsasını təşkil edir: bu sahə ölkənin ÜDM-nin 23 faizini təşkil edir və işçi qüvvəsinin 37 faizinin məşğulluğuna cavab verir. Ötən il kənd təsərrüfatında artım 6 faiz təşkil edib, əsas kənd təsərrüfatı məhsullarının – pambıq, buğda, düyü və qarğıdalının istehsalı isə 17 faiz artıb.