Bakı.Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiq edib.
Belə ki, son illərdə Azərbaycan turizm potensialını gücləndirmək və beynəlxalq bazarlarda tanıtmaq məqsədilə Çinlə sıx əməkdaşlıq edir. Xüsusilə vizasız gediş-gəliş rejiminin tətbiqi, birbaşa uçuşların artırılması və birgə turizm layihələrinin reallaşdırılması bu sahənin inkişafına töhfə verməkdədir.
Bəs, bu ölkəyə Çindən turizm axınına necə təsir edəcək? Bu il Çindən Azərbaycana və Azərbaycandan Çinə nə qədər turist axını olub?
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib ki, pandemiyadan sonrakı bərpa dövründə 2023-cü ildə çinli tursitlərin sayı 2022-ci ilə nisbətən 552% artaraq 23,153 nəfər çatıb:
“2024-cü il ərzində isə Azərbaycan Respublikasına səfər edən Çin Xalq Respublikası vətəndaşlarının sayı 2023-cü il ilə müqayisədə 93% artaraq 44.798 nəfər olub. 2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana səfər edən Çin vətəndaşlarının sayında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 68% artım müşahidə olunur. 2024-cü il ərzində Azərbaycana səfər edən Çin vətəndaşlarının 90%-i turizm məqsədilə səyahət edib. Çinlilərin Azərbaycan daxilində ən çox səfər etdikləri istiqamətlərdən Bakıda tarixi və müasir memarlıq məkanları, mədəniyyət obyektləri, Şəkidə tarixi abidələr, xüsusilə Şəki Xan Sarayı və qədim karvansaraylar, Şamaxıda tarixi abidələrdən Diri Baba türbəsi və Cümə məscidi, İsmayıllıda Lahıc, Qəbələdə isə Nic kəndini qeyd etmək olar. Çinli turistlərin Azərbaycanda və ümumiyyətlə xarici səfərlərdə maraq göstərdikləri sahələri bir neçə əsas qrupda toplamaq olar ki, buraya mədəni və tarixi təcrübələr (milli mədəniyyət və tarixi abidələr, qədim şəhərlər, mədəni irs məkanları, muzeylər, UNESCO-nun dünya irsi siyahısına daxil olan yerlər), təbiət və açıq hava təcrübələri (dağ mənzərələri, milli parklar, kənd həyatı ilə tanışlıq), şəhər turları və alış-veriş kimi istiqamətlər qeyd oluna bilər. Çinli turistlər adətən səfərlərini uzunmüddətli planlaşdırır və bir səfərdə bir neçə şəhəri və ya ölkəni ziyarət etməyə üstünlük verirlər”.
Bildirilir ki, 2025-ci il aprelin 23-də Pekin şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb:
“Hazırda Çin Xalq Respublikasından Azərbaycan Respublikasına Pekin (AZAL) və Urumçi (China Southern Airlines) şəhərlərindən həyata keçirilən həftəlik uçuşların sayı 5-ə çatır. 2024-cü ildə Çindən Azərbaycana 240 reys həyata keçirilib. Ötən 2 il ərzində Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirmək və çinli turistlər arasında ölkəmiz haqqında məlumatlılığı artırmaq məqsədilə bir sıra təbliğat və tanıtım tədbirləri həyata keçirilib. 15 noyabr 2023-cü il tarixində Azərbaycan Turizm Bürosu ilə Çinin tanınmış onlayn səyahət platforması "Qyer.com" arasında da əməkdaşlığa dair ikitərəfli memorandum, 24 sentyabr 2024-cü il tarixində "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanı çinli turistlər üçün cəlbedici istiqamət kimi tanıda biləcək “C-trip” platformasından aktiv şəkildə istifadə edilməsi nəzərdə tutulur. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 2023-cü ildə Pekin şəhərində keçirilən “COTTM 2023” sərgisində, 2024-cü ildə Quançjou şəhərində keçirilən “GITF 2024” - Quançjou Beynəlxalq Turizm Sərgisində ölkəmizin turizm imkanları nümayiş etdirilib. Eləcə də 18-24 sentyabr 2024-cü il tarixlərində Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib və sənaye nümayəndələri arasında qarşılıqlı əməkdaşlıq görüşləri təşkil edilib. 2024-cü il ərzində Çin Xalq Respublikasında fəaliyyət göstərən turizm şirkətləri ilə mütəmadi görüşlər təşkil edilib və ölkəmizin turizm imkanları barədə təqdimatlar keçirilib”.
Qeyd edilir ki, həmçinin çinli turistlər arasında Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Çinin əsas sosial media platformaları olan “Wechat” və “Weibo”, həmçinin “Qyer”, “Qunar” və “C-trip.com” onlayn turizm platformalarında ölkəmizin turizm destinasiyası kimi təbliğatı aparılıb, çinli blogerlərin ölkəmizə səfəri təşkil edilib.
“2025-ci il ərzində Azərbaycan turizminin Çində təbliği istiqamətində bir sıra təbliğat layihələri planlaşdırılıb. “WeChat” və “Douyin” sosial media platformaları, eləcə də “Weibo”, “C-trip”, “Fliggy” və "China Tourism Group" (CTG) platformaları ilə tərəfdaşlıq çərçivəsində ölkəmizin turizm destinasiyası kimi tanıdılması nəzərdə tutulub. 27-29 may 2025-ci il tarixlərində Şanxay şəhərində keçirilən “ITB China” beynəlxalq turizm sərgisində ölkəmiz milli stendlə iştirak edib.
Bununla yanaşı, cari il ərzində qabaqcıl media platformalarında tanıtım kampaniyalarının keçirilməsi, habelə Çindən media nümayəndələri və blogerlərinin Azərbaycana tanışlıq səfərlərinin təşkili, turizm şirkətləri arasında Azərbaycanın turizm destinasiyası kimi tanıdılması məqsədilə Çinin bir neçə şəhərində silsilə tədbirlərin təşkili nəzərdə tutulur", - qurumdan əlavə olunub.