Bakı. Trend:
Cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 6 ayında da xarici ticarət balansında 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.
Qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.