Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 66,5 milyard ABŞ dollarına çatıb.
Trend bu barədə Fonddan məlumat əldə edib.
Məlumata görə, ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 10,8% artıb.
Cari ilin yanvar-iyun aylarında Fondun gəlirləri 8,8 milyard manat, xərcləri isə 7,3 milyard manat təşkil edib.
Bu dövr ərzində Fondun neft-qaz sazişləri üzrə gəlirləri 5,7 milyard manat, investisiya gəliri 3,1 milyard manat olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7,240 milyard manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat yönəldilib.
ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 718,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.