...

SOFAZ Avropanın əsas nəqliyyat qovşaqlarından birinə investisiya qoyub

İqtisadiyyat Materials 9 Oktyabr 2025 12:02 (UTC +04:00)
SOFAZ Avropanın əsas nəqliyyat qovşaqlarından birinə investisiya qoyub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ/ARDNF) ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirib.

Bu barədə Trend ARDNF-ə istinadən xəbər verir.

Məlumata əsasən, bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir.

“Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.

2019-cu ildə “VINCI Airports” Qatvik hava limanının 50,01%-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir”, -məlumatda qeyd olunur.

Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

“Bu mühüm investisiya layihəsi, davamlı dəyər və strateji əhəmiyyət daşıyan aktivlər üzrə dünyanın aparıcı tərəfdaşları ilə əməkdaşlığa əsaslanan investisiya strategiyamızın bariz nümunəsidir. Qatvik hava limanı Avropanın əsas hava nəqliyyat qovşaqlarından biri olmaqla yanaşı, Fondun qlobal və uzunmüddətli investisiya yanaşmasını əks etdirən etibarlı və perspektivli aktivdir”,- ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov qeyd edib.

GIP-nin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Ogunlesi bildirib: “Qatvik hava limanı kimi mühüm bir aktiv üzrə ARDNF ilə tərəfdaşlığımızın davam etməsindən məmnunuq. Bu hava limanı həm investorlar, həm də cəmiyyət üçün uzunmüddətli dəyər və davamlı inkişaf təmin edən yüksək keyfiyyətli infrastruktur layihəsidir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti