Bakı. Trend:
Azərbaycanda ilk dəfə olaraq 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində liderlərin zirvə toplantısı keçiriləcək.
Trend xəbər verir ki, bunu bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev diplomatik korpus üçün WUF13-ə həsr olunmuş brifinqdə bildirib.
“Azərbaycan forumun əhəmiyyətini və təsirini artıracaq bir sıra yeni təşəbbüslər həyata keçirir. WUF ilk dəfə olaraq liderlərin zirvə toplantısını təşkil edəcək, bu sammit dövlət və hökumət başçılarını bir araya gətirərək şəhərlərimizin gələcəyini müzakirə etməyə imkan verəcək. Bu yenilikçi addım Azərbaycanın qlobal prioritetlərin formalaşmasında əhəmiyyətli siyasi mövqe ortaya qoymaq istədiyini vurğulayır”,- deyə Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan dayanıqlı və etibarlı şəhər gələcəyinə siyasi bağlılığın yeni bir dövrünü təşviq etməyi planlaşdırır.
“COP29-dakı qloballaşma günü təcrübəsinə əsaslanaraq, WUF 13-ün nazirlik səviyyəsində görüşü daha interaktiv, praktik və nəticəyönümlü olacaq şəkildə yenidən qurulacaq, nazir, meri, ekspert və praktiklərin birbaşa qarşılıqlı mübadiləsini təmin edəcək”, – deyə əlavə edib.
Quliyev qeyd edib ki, bu yenilənmiş format siyasi dialoqu gücləndirəcək, qərar mübadiləsini sürətləndirəcək və ölkələrə şəhər və mənzil prioritetlərini həll etməkdə konkret nəticələrin əldə olunmasına töhfə verəcək.
Bundan əlavə, onun sözlərinə görə, WUF 13 şəhərlərin və yerli hakimiyyət orqanlarının geniş və məzmunlu iştirakına xüsusi diqqət ayıracaq.
Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
