Bakı. Trend:
Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına onun qlobal səviyyədə rəqabət aparmasına imkan verəcək karbonsuzlaşdırma proqramının formalaşdırılmasında kömək edəcək.
Trend xəbər verir ki, bunu bu gün AİB-in Energetika İdarəsinin inkişaf etməkdə olan regionlar üzrə direktoru Sindi Sisneros-Tianqko Bakıda AİB və Azərbaycan Dəmir Yolları (ADY) QSC çərçivəsində karbonsuzlaşdırma üzrə layihənin təqdimatında etdiyi çıxışda deyib.
“Bütün dünyada dəmir yolu sektoru yeni bir dövrə qədəm qoyur. Bu dövrü elektrikləşmə, rəqəmsallaşma və enerji istehsalı və istifadəsində əsaslı dəyişikliklər müəyyən edir. Yaponiya və Çindən Avstraliya və Avropaya qədər dünya liderləri ağıllı, aşağı karbon emissiyalı dəmir yolu ekosistemləri yaradır. Azərbaycanın isə yalnız bu hərəkata qoşulmaq deyil, həm də onun gələcəyinin formalaşmasında iştirak etmək üçün unikal imkanı var,” – deyə o bildirib.
Sisneros-Tianqko qeyd edib ki, karbonsuzlaşdırma layihəsini formalaşdıracaq texniki yardım həm mühəndislik, həm də maliyyə həllərindəki innovasiyaları özündə birləşdirir.
“Mühəndislik hissəsində biz kompleks həlləri öyrənəcəyik: bərpa olunan enerji, enerji saxlama sistemləri, ağıllı mikroşəbəkələr, rekuperativ əyləc sistemləri və hətta karbon udma texnologiyaları - məqsəd fosil yanacağın istifadəsini azaltmaq və şəbəkənin elektrik enerjisindən asılılığı minimuma endirməkdir,” – deyə o bildirib.
Onun sözlərinə görə, mərhələli və sistemli tətbiq edildikdə, bu həllər ADY-in uzunmüddətli enerji xərclərini azalda və şirkətin karbon izini əhəmiyyətli dərəcədə azalda bilər.
