Bakı. Trend:
Bakıda neft-qaz sənayesində mühüm əhəmiyyət daşıyan aktivlərin təhlükəsizliyi və istismar etibarlılığı mövzusunda beynəlxalq tədbir təşkil olunub.
Trend xəbər verir ki, "Asset Integrity & Corrosion and Coatings Conference" (Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı) adlı konfrans sahə üzrə aparıcı mütəxəssisləri, şirkət rəhbərlərini və texnologiya təminatçılarını bir araya gətirib.
Tədbir aktivlərin bütövlüyünün qorunması, korroziyaya qarşı mübarizə və qoruyucu örtük texnologiyaları sahəsində mövcud vəziyyətin və yeniliklərin müzakirəsinə həsr olunub. Konfrans çərçivəsində sənayedə qarşıda duran risklər, texniki həllər və beynəlxalq təcrübə iştirakçılara təqdim olunur.
Konfrans iki əsas istiqaməti əhatə edir: Aktivlərin Bütövlüyü Konfransı və Korroziya və Örtüklər Konfransı. Proqrama texniki sessiyalar, panel müzakirələri və şəbəkələşmə görüşləri daxildir. Bu format mütəxəssislər arasında fikir mübadiləsini və əməkdaşlığın genişləndirilməsini məqsəd qoyur.
Tədbirdə 20-dən çox ölkədən 500-dən artıq nümayəndə iştirak edir. Konfransda 50-dən çox spiker çıxış edir, 25-dən artıq şirkət texnoloji həllərini təqdim edir. Ümumilikdə 50-dən çox texniki sessiya, bir neçə panel müzakirəsi və müxtəlif şəbəkələşmə tədbirləri nəzərdə tutulub.
Konfransın əsas məqsədi Xəzər regionunda enerji sektorunun davamlı inkişafına töhfə vermək, ətraf mühitin qorunması və infrastrukturun etibarlı istismarına dair qabaqcıl təcrübələrin tətbiqini təşviq etməkdir. Tədbir neft, qaz sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün mühüm müzakirə platforması kimi qiymətləndirilir.
