Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 773,9 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 107,1 milyon manat və ya 16,1% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 145 milyon manat və yaxud 32,2% artaraq 595,7 milyon manata çatıb.
Beləliklə, 11 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 75,7 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon manat və ya 11,7% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.
