Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 34,605 milyard manat olub.
Trend bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,4 faiz artaraq 19,254 milyard manata, qeyri-ərzaq malları isə 9,5 faiz artaraq 15,352 milyard manata çatıb.
Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,7 faiz artıb. İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Qeyd edək ki, ümumi ölkə üzrə 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, o cümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq malları satılıb
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
