...

Bakı Limanı: Avrasiyanın dəyişən logistika xəritəsində strateji həlqə

İqtisadiyyat Materials 26 Yanvar 2026 18:18 (UTC +04:00)
Bakı Limanı: Avrasiyanın dəyişən logistika xəritəsində strateji həlqə
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı, ənənəvi marşrutların geosiyasi və iqtisadi risklərlə üzləşdiyi bir dövrdə Avrasiya məkanında alternativ, etibarlı və dayanıqlı logistika qovşaqlarına ehtiyac sürətlə artır. Məhz bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı) Azərbaycanla yanaşı, Avropa–Asiya arasında yük axınlarını şaxələndirməyə çalışan onlarla ölkənin strateji maraq nöqtəsinə çevrilir.

Son illərdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – daha çox Orta Dəhliz kimi tanınan xətt – qlobal ticarət gündəmində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut artıq bir sıra yüklər üçün əsas tranzit xətti funksiyasını yerinə yetirməyə başlayıb. Bu marşrutun mərkəzində isə Bakı Limanı dayanır desək yanılmarıq. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən liman multimodal imkanları – dəmir yolu, avtomobil və dəniz nəqliyyatının inteqrasiyası – sayəsində Avrasiyanın əsas “keçid platforması” rolunu oynayır. Təsadüfi deyil ki, son beş ildə limanda konteyner aşırmaları təxminən iki dəfə artıb, 2025-ci ildə isə illik konteyner dövriyyəsi ilk dəfə 100 min TEU həddini keçib. Belə ki, 2020-2025-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 365 min 860 TEU konteynerdən çox yük aşırılıb. Məlumata əsasən, təkcə 2025-ci ildə isə Bakı limanında 107 min 54 TEU konteyner yük aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40%-ə yaxın artım deməkdir.

2026-cı il üzrə isə Bakı Limanında 110 min TEU-dan çox yük aşırılacağı planlaşdırılır. Ümumilikdə, Bakı Limanının illik yükaşırma qabiliyyətinin 260 000 TEU-ya çatdırılacağı hədəflənir ki, bu da əvvəlki göstəricidən kifayət qədər fərqlənir. Məlumat üçün qeyd edək ki, hazırda Limanın illik yükaşırma qabiliyyəti 150 000 TEU-dur. Bu artımı yalnız rəqəmlərlə izah etmək doğru olmazdı. Burada eyni zamanda söhbət marşrut təhlükəsizliyi, çatdırılma vaxtının qısalması, risklərin azaldılması və xərclərin optimallaşdırılması kimi faktorların birləşməsindən gedir. Dünya Bankının Avrasiya nəqliyyat dəhlizlərinə dair son hesabatlarında da vurğulanır ki, Orta Dəhliz üzrə daşımaların artımı təchizat zəncirlərinin geosiyasi risklərə adaptasiyasının real nümunəsidir.

2018-ci ildə limanın birinci inkişaf mərhələsinin tamamlanması ilə Bakı Limanı illik 15 milyon ton yük və 100 min TEU konteyner aşırma gücünə malik oldu. Lakin yüklərin faktiki artım dinamikası bu həddin kifayət etmədiyini göstərdi. Məhz buna görə ikinci faza üzrə planlaşdırılan genişlənmə – illik 25 milyon ton yük və 500 min TEU konteyner – strateji zərurət kimi dəyərləndirilir.

Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov ötən ili sonlarında liman ərazisinə təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Limanının ikinci fazası üzrə layihələndirmə işlərinin nəticələri yaxın aylarda bəlli olacaq. O xatırlatmışdı ki, Bakı Limanın birinci fazası üzrə işlər artıq yekunlaşıb: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ikinci fazası bizə minimum 25 milyon ton və yarım milyon TEU konteyner ekvivalentindən artıq güc verəcək. Hazırda layihələndirmə işləri davam edir. Yaxın aylarda ilkin nəticələr bəlli olacaq".

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı Limanı tutumunu artırmaqla yanaşı, eyni zamanda funksional baxımdan dərinləşir. Gübrə terminalı, planlaşdırılan buğda terminalı, TIR parkı və intermodal yük terminalı limanı klassik dəniz limanından kompleks logistika habına çevirir. Xüsusilə Orta Asiya ölkələrinin gübrə və aqrar məhsullarının Avropa bazarlarına çıxışı baxımından Bakı Limanı kritik tranzit qapısına çevrilir.

2025-ci ilin fevralında Bakı Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdirilməsi vahid nəqliyyat idarəetmə modelinə keçid kimi qiymətləndirilə bilər. Bu addım dəniz və dəmir yolu əməliyyatları arasında koordinasiyanı gücləndirərək tranzit vaxtını azaldır və logistika xərclərini aşağı salır. Beynəlxalq Valyuta Fondunun (BVF) nəqliyyat və ticarət axınları üzrə qiymətləndirmələrində də qeyd olunur ki, multimodal nəqliyyatda vahid idarəetmə modelləri tranzit ölkələrin rəqabət üstünlüyünü əhəmiyyətli dərəcədə artırır. Bakı Limanı nümunəsində bu, artıq real nəticələrlə özünü göstərir: blok-qatarların sayı artır, yüklərin gözləmə müddəti azalır, xidmət keyfiyyəti yüksəlir.

Bakı Limanının inkişaf strategiyasında son illərin ən prioritet istiqamətlərindən biri rəqəmsallaşmadır. Limanın “Azərbaycan Dəmir Yolları” QSC-yə inteqrasiyasından sonra bu proses daha sistemli və mərhələli xarakter alıb. Rəqəmsal həllərin tətbiqi əməliyyat şəffaflığını artırmaqla yanaşı, məlumat axınlarının vahid platformada birləşdirilməsinə və müştəri yönümlü xidmət modelinin formalaşmasına imkan yaradır.

Bu istiqamətdə əsas addımlardan biri Liman İdarəetmə Məlumat Sistemi üzrə yeni nəsil həllin hazırlanmasıdır. 2020–2023-cü illərdə mövcud sistemin istismarı zamanı üzə çıxan texniki məhdudiyyətlər nəzərə alınaraq, 2025-ci ildən etibarən tamamilə yeni konsepsiya üzərində işə başlanılıb və hazırda bu layihə aktiv mərhələdədir. Yeni sistem limanın gəmi, yük, vaqon, avtomobil və anbar əməliyyatlarını vahid əməliyyat platformasında birləşdirərək yükaşırma planlaması, növbə idarəetməsi, körpü utilizasiyası və resurs bölgüsünün real vaxt rejimində izlənməsinə imkan verəcək. Digər informasiya sistemləri ilə inteqrasiya nəticəsində müştərilər yüklərinin statusu, sənədlərin icra mərhələləri və əməliyyat prosesləri barədə onlayn məlumat əldə edə biləcəklər ki, bu da xidmət keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək.
Rəqəmsallaşma strategiyasının ikinci əsas komponenti limanın daxili biznes proseslərinin vahid platformada avtomatlaşdırılmasıdır. Mərhələli şəkildə həyata keçirilən bu layihə çərçivəsində satınalma, maliyyə, kommersiya, əməliyyat və nəzarət məntəqələri üzrə gündəlik proseslərin rəqəmsal mühitdə icrası təmin olunur. Modullar arasında qurulan inteqrasiya məlumatın təkrar daxil edilməsini minimuma endirir, insan amilindən qaynaqlanan riskləri azaldır və real vaxt rejimində daha dolğun hesabatlılıq imkanları yaradır. Bu yanaşma idarəetmədə çevikliyi artırmaqla yanaşı, qərarların daha operativ və əsaslandırılmış şəkildə qəbul edilməsinə şərait yaradır.

Üçüncü mühüm istiqamət isə təhlükəsizlik və müşahidə infrastrukturunun rəqəmsallaşdırılmasıdır. Layihənin ilkin mərhələsində liman ərazisində müasir müşahidə və analitika avadanlıqları quraşdırılıb və sistem istismara verilib. Hazırda texniki xidmət mexanizmlərinin təkmilləşdirilməsi və mövcud analitika sistemlərində aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə işlər aparılır. Növbəti mərhələdə bütün müşahidə və təhlükəsizlik sistemlərinin vahid mərkəzdən idarə olunmasını təmin edən mərkəzləşdirilmiş idarəetmə zonasının yaradılması nəzərdə tutulur. Bu, əməliyyat risklərinin daha erkən mərhələdə aşkarlanmasına və liman ərazisində yük və nəqliyyat hərəkətinin daha təhlükəsiz şəkildə təşkili üçün əlavə imkanlar yaradacaq.

Ümumilikdə, Bakı Limanında rəqəmsallaşma və vahid idarəetmə platformalarına keçid əməliyyatların şəffaflığını və nəzarət imkanlarını artırmaqla yanaşı, proseslərin sürətini əhəmiyyətli dərəcədə yüksəldir. Real vaxtda məlumat mübadiləsi, sənədləşmənin elektronlaşdırılması və idarəetmə funksiyalarının mərkəzləşdirilməsi limanın əməliyyat yükünü azaldır, xidmət keyfiyyətini yüksəldir və Bakı Limanını Orta Dəhliz üzrə daha çevik, proqnozlaşdırılan və rəqabətqabiliyyətli logistika platformasına çevirir.

Bakı Limanının regionda “EcoPorts” sertifikatı alan ilk liman olması və 2035-ci ilə qədər xalis sıfır karbon emissiyası hədəfi onun beynəlxalq mövqeyini daha da gücləndirir. Günəş panelləri və Batareya Enerji Saxlama Sistemi (BESS) ilə bağlı layihə isə limanın təkcə ekoloji deyil, enerji təhlükəsizliyi baxımından da dayanıqlığını artırır. Məsələn, bu istiqamətdə atılan addımlardan COP29 çərçivəsində Bakı Limanında günəş panellərinin quraşdırılması ilə bağlı çərçivə sazişi imzalanmasını qeyd edə bilərik. “Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçün imzalanan bu sazişlə Azərbaycanın təmiz enerjiyə keçidində liimanın rolunu bir daha ön plana çıxardı.

Qərb analitik mərkəzləri son hesabatlarında vurğulayır ki, Avropa şirkətləri üçün logistika qovşaqlarının “yaşıl” statusu artıq əlavə üstünlük deyil, əsas seçim meyarlarından biridir. Bu baxımdan Bakı Limanı Avropa investorları üçün yalnız tranzit nöqtəsi deyil, uzunmüddətli tərəfdaşlıq platforması kimi çıxış edir.

Bakı Limanının rolu Azərbaycan sərhədlərini çoxdan aşıb. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Çin, Türkiyə və Avropa ölkələri üçün liman təchizat zəncirinin kritik halqası hesab edilə bilər. Çin–Avropa yük axınlarında konteyner daşımalarının sürətlə artması, Orta Dəhliz üzrə yeni blok-qatar marşrutlarının açılması və beynəlxalq maliyyə institutlarının layihəyə marağı bunu açıq şəkildə göstərir.

Dünya Bankının nümayəndələrinin Bakı Limanının genişləndirilməsinin maliyyələşdirilməsində iştirak imkanlarını müzakirə etməsi də limanın regional deyil, qlobal logistika infrastrukturu kimi qəbul edildiyini təsdiqləyir.

Beləliklə, Bakı Limanı Avrasiyada dəyişən geosiyasi və iqtisadi reallıqlar fonunda yeni ticarət arxitekturasının əsas sütunlarından biri kimi formalaşır. İnfrastrukturun genişlənməsi, “yaşıl” transformasiya və beynəlxalq tərəfdaşlıqlar limanı qlobal logistika xəritəsində getdikcə daha görünən edir. Bu mənada Bakı Limanının inkişafı Azərbaycanın tranzit ambisiyalar ilə yanaşı, Avropa və Asiya arasında daha təhlükəsiz, dayanıqlı və proqnozlaşdırıla bilən ticarət sisteminin formalaşmasını dəstəkləyən strateji proses kimi qiymətləndirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti