Bakı. Trend:
Kiçik və Orta Müəssisələr (KOB-lar) Azərbaycan iqtisadiyyatının mühüm hissəsini təşkil edir. Buna görə də onların həyata keçirdiyi və qəbul etdiyi ödənişlərin rəqəmsallaşdırılması nağdsız iqtisadiyyatın inkişafını sürətləndirir.
Trend xəbər verir ki, bu barədə “Mastercard”ın Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədində bildirilib.
Məlumatda əvvəlki illərin statistic göstəriciləri xatırladılıb və qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin sonuna ölkədə 377 842 KOB fəaliyyət göstərir və onların yaratdığı əlavə dəyər həcmi 17,2 milyard manat təşkil edir.
“Son illərdə hökumət KOB-ların rəqəmsallaşmasını sürətləndirmək və paralel olaraq istehlakçıların rəqəmsallaşmasını dəstəkləmək məqsədilə mühüm addımlar atıb. Əsas təşəbbüslər sırasında 2018-ci ildə KOBİA-nın yaradılması, KOB Evləri vasitəsilə müvafiq dəstək mexanizmlərinin təmin edilməsi, eləcə də bu xidmətlərin rəqəmsal kanallar üzərindən əlçatan olması üçün “Elektron KOB Evi”nin istifadəyə verilməsi yer alır. Bundan əlavə, KOB-ların maliyyə inklüzivliyini artırmaq məqsədilə subsidiyalı kredit proqramları həyata keçirilib.
KOB-ların rəqəmsallaşmasını və kreditlərə çıxışını daha da dəstəkləmək üçün mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasını nəzərdə tutan normativ tənzimləmə qəbul edilib və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda,2020-ci ildən etibarən dövriyyəsi müəyyən həddi aşan KOB-lar üçün POS terminalın quraşdırılması məcburi edilib ki, bu da bazarda qəbul nöqtələrinin sayının artırılmasına xidmət edir”, - məlumatda vurğulanıb.
Bildirilib ki, KOB-lar rəqəmsallaşma yolunda mühüm irəliləyişlər əldə etsələr də, hələ də istehlakçılarla müqayisədə geri qalır və böyük inkişaf potensialına malikdirlər: “Müxtəlif göstəricilər onların iqtisadi töhfəsi və rəqəmsallaşma səviyyəsi barədə daha aydın təsəvvür yaradır. Məsələn, Azərbaycanda bank xidmətlərindən istifadə edən KOB-ların payı 85–90% təşkil etdiyi halda, bu göstərici Gürcüstanda, Türkiyədə və Qazaxıstanda 95–99% səviyyəsindədir. Digər mühüm göstərici KOB başına düşən biznes kartlarının sayıdır: Azərbaycanda 0,2, Qazaxıstanda 0,3, Gürcüstanda 1, Türkiyədə isə 2.
Nağdsız iqtisadiyyatın əsas elementlərindən biri olan ödənişlərin qəbulu baxımından da Azərbaycan əhəmiyyətli artım potensialına malikdir. Hazırda ölkədə hər 1 000 nəfərə 8,5 POS terminal düşür. Halbuki bu göstərici Gürcüstanda 23,6, Qazaxıstanda 51,6, Türkiyədə isə 60,7 təşkil edir”.
“Nəticə etibarilə, KOB-lar üzrə ödənişlərin rəqəmsallaşdırılmasının təşviqi getdikcə daha vacib hala gəlir. Rəqəmsal alətlərin geniş tətbiqi məşğulluğun artmasına, iqtisadi inkişafın sürətlənməsinə, kreditlərə çıxışın yaxşılaşmasına və KOB-ların büdcə gəlirlərinə töhfəsinin güclənməsinə imkan yarada bilər. Bu irəliləyişlər rəqəmsallaşmanın davamlı inkişafı üçün uzunmüddətli investisiya kimi qiymətləndirilir. Qlobal trendlər də göstərir ki, istehlakçıların rəqəmsallaşmasının sürətləndirilməsindən sonra növbəti mərhələ adətən bu uğurun davamı olaraq KOB-ların rəqəmsallaşdırılmasına fokuslanır”, - məlumatda qeyd edilib.
