Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin 31 mart tarixinə ümumi 173,623 milyard manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Trend bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, hesabat dövrü ərzində ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 210 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 410,3 milyon manat və ya 11,3% azdır.
Əlavə edək ki, Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat) təşkil edib. Məlumata görə, Fondun aktivləri 2026-cı il mart ayının 31-nə isə 73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyon manat) təşkil edib.
Bundan başqa, 2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 milyard 180 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 milyard 803,1 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 milyard 376,8 milyon manat təşkil edib, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 milyard 117,9 milyon manat olub. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 milyard 223,5 milyon manat təşkil edib.
ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.
