...

Dünya maliyyə böhranı: ən pisi hələ irəlidədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2008 16:59 (UTC +04:00)
Dünya maliyyə böhranı: ən pisi hələ irəlidədir

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Amerikanın maliyyə böhranı sürətlənməkdədir və artıq yeni mərhələyə çatıb. Bir gün əvvəl fond ticarətləri aparıcı indeksləri, son üç il ərzində ən aşağı səviyyəyə enməsi ilə, bağlanıb. Dow Jones indeksi 4 faizdən çox düşüb (450 bənd), Nasdaq təxminən 5 faiz azalıb (109,05). Bu dövrü yaşamış ən iri banklardan biri Morgan Stanley-in səhmləri 24,2 faiz düşüb ki, bu da 1998 - ci ildən ən aşağı göstəricidir. Morgan Stanley, bu həftə özünün iflasını elan etmiş, böyüklüyünə görə Amerikanın dördüncü bankı Lehman Brothers sərmayə bankının taleyi ilə üzləşməmək üçün Wachovia bankı ilə birləşmək haqqında danışıqlara başlayıb. Birləşməyə digər iddiaçılar Britaniyanın HSBC, İspaniyanın Santader, Yaponiyanın Nomura Holdings İnc. bankları, həmçinin, Çinin CİTİC Securities borker şirkətidir.

The Financial Times qəzetinin yazdığına görə, Goldman Sachs sərmayə bankı da Morgan Stanley-in ardınca gedə bilər. Onun səhmləri 18,9 faiz düşüb. Bankın rəhbərliyi qiymətli kağızlarının bir hissəsinin satışı haqqında Citigroup, JPMorgan Chase və Wells Fargo bankları ilə ilkin danışıqlar aparıb. Bu arada ABŞ -ın Federal Ehtiyat Sistemi (FES) American İnternational Group İnc. (AİG) sığorta nəhəngini xilas etmək üçün səhmlərinin 79,9 faizinin qarşılığında ona $85 mlrd. məbləğdə kredit verib.

"Lehman Brothers iflas etdiyini elan etdikdən sonra, AİG-in xilas edilməsi güman etməyə əsas verir ki, ABŞ administrasiyası 180 dərəcə dönüb, FES-i isə, etibarın itməsi hədələyir", - Britaniyanın iqtisadi araşdırmalar üzrə Konsaltinq Şirkəti Capital Economics-in baş beynəlxalq iqtisadçısı Culian Cessop (Julian Jessop) Trend -a bildirib. AİG-in təkrar bazar və sığorta bazarında üstünlüyü, bu nəhəngin dağılmasına imkan vermək üçün çox böyük olması deməkdir, - o əlavə edib.

Amerika böhranının dalğası bütün dünyanın üzərinə axıb. ABŞ - dakı iqtisadi böhran Rusiyanın fond bazarlarına güclü zərbə endirib. Rusiya birjalarında səhmlərin böyük həcmdə dəyərdən düşməsi nəticəsində, Rusiyanın Maliyyə Bazarları üzrə Federal Xidmətinin göstərişi ilə RTS və MBVB fond birjalarında ticarət dayandırılıb. Analitiklər güman edirlər ki, bazardakı vəziyyətin bərpası üçün pul bazarındakı likvidlik böhranını aradan qaldırmaq lazımdır.

Mənfi maliyyə xəbərləri fonunda Asiya bazarları da son üç il ərzində ən aşağı göstəricini nümayiş etdiriblər. MSCI Asia Pacific -in məcmu indeksi 2,5 faiz azalıb. Yaponiyanın Nikkei 225 indeksi 2,2 faiz, Honkonqun Hang Seng indeksi 7,22 faiz, Yaponiyanın Sony Corp. Korporasiyasının səhmləri rekord səviyyədə - 8,2 faiz azalıb.

Frans Press agentliyinin verdiyi xəbərə görə, Yaponiya və İngiltərənin maliyyə bazarlarına $100 mlrd. vəsaitin atılması bu tədbirlərin realizəsinə dair konkret addımlar olacaq. Yaponiya Bankı və ABŞ Federal Ehtiyat Sistemi birgə şəkildə Yaponiya bazarlarına $60 mlrd. vəsait yönəldəcək, İngiltərə Bankı isə, FES ilə birlikdə, Böyük Britaniya bazarına $40 mlrd. məbləğində maliyyə ayıracaq.

Dünya maliyyə bazarlarındakı vəziyyət müxtəlif ölkələrin Mərkəzi banklarını onları haqlamış böhranı aradan qaldırmaq üçün tədbirlər görməyə məcbur edir; ABŞ Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı, Yaponiya Bankı və İngiltərə Bankı bazarlarda gərginliyi zəiflətmək üçün birgə hərəkət edəcəklərini bəyan ediblər.

Bu gün hamını bir məsələ düşündürür: daha nə olacaq və baş verənlər yeni "Böyük tənəzzül"dən xəbər vermir ki? " Qorxuram ki, fırtına hələ keçməyib və biz də hələ fırtınadan qurtulmamışıq, əksinə, ona doğru irəliləyirik", - maliyyə naziri Henri Polson BBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə inansaq, ən pisi hələ qabaqdadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti