Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir Ü.İsmayılova /
"Azərbaycan tarixində ilk dəfə olaraq, özümüz özümüzü taxılla təmin edəcəyik. Bu il 3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük göstəricidir", - Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları üzrə iclasında deyib. İclas dövlət başçısının sədrliyi altında keçirilib, AzərTAc dövlət informasiya agentliyi məlumat verib.
"Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaq. 2,2 milyon ton buğda istehsalı demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir", - Prezident bildirib.
Onun sözlərinə görə, bu nəticələrə ölkə mütəmadi qaydada görülən işlər, konkret proqramlar, regional inkişaf proqramının, infrastruktur layihələrin icrası, "Aqrolizinq"in yaradılması hesabına nail olub.
"Biz "Aqrolizinq"i yaratmasaydıq, fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər? Bu gün Azərbaycanda istehsal olunan traktorlar iş yerlərinin açılmasına, yeni sənaye sahəsinin yaranmasına xidmət göstərir. Beləliklə, Azərbaycan sənayesi üçün yeni sahə yaradılır", - İlham Əliyev qeyd edib.
Onun sözlərinə görə, "Aqrolizinq"in yaradılması kənd təsərrüfatının inkişafında ciddi dönüş edib. "Bundan sonra əlavə tədbirlərin görülməsi, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik", - Prezident qeyd edib.
Azərbaycan prezidenti deyib ki, bundan sonra kənd təsərrüfatımızın daha intensiv inkişaf etməsinə çalışmalıyıq. "Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir", - o əlavə edib.
"Çalışmalıyıq ki, kənd təsərrüfatımızın intensiv xarakter alan inkişafı bundan sonra da uğurla getsin. Biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik və tezliklə buna nail olacağıq", - İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, öz ixrac potensialımızı daha da böyük dərəcədə realizə etməliyik. "Nəzərə almalıyıq ki, bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları və qonşu ölkələrlə Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur", - o deyib.
"Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaq", - prezident bildirib.
O hesab edir ki, bütün bunlar kompleks tədbirlər nəticəsində - ciddi düşünülmüş siyasət, maliyyə resursları, sahibkarlığın inkişafı, "Aqrolizinq"in yaradılması, subsidiyaların, kreditlərin verilməsi və əlbəttə ki, meliorasiya və suvarma tədbirlərinin gücləndirilməsi nəticəsində, qısa müddət ərzində mümkün olub.
İlham Əliyev deyib ki, Sovet dövründə Azərbaycan heç vaxt özünü ərzaq məhsulları ilə təmin etmirdi. "Biz ərzaq təhlükəsizliyi məsələlərini, demək olar ki, bu il həll etmişik. Növbəti illərdə, sadəcə, əldə edilmiş uğurlar əsasında daha da geniş işlər aparılmalıdır", - o əlavə edib.
"Bu məqsədlə əlavə tədbirlər görüləcək. Bölgələrdə böyük anbarların, soyuducu kombinatların tikintisi nəzərdə tutulur. Bu, həm sahibkarların öz vəsaiti hesabına olmalıdır, eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış kreditlər hesabına yerinə qetirilməlidir", - Prezident bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]