...

Bakıda Belarus Respublikasının II Milli sərgisi başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2010 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir N.İsmayılova/

Bakıda mayın 5-dən 7-dək Belarusun Azərbaycandakı səfirliyi ilə birgə Xarici İşlər və Ticarət nazirlikləri və Belarusun Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunmuş Belarus Respublikasının II Milli sərgisi keçiriləcək. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç bildirib.

"Bu sərgi nəinki Belarusun imkanlarını nümayiş etdirməyə, eləcə də Azərbaycan və Belarus sahibkarlarına perspektivli layihələr və konkret təkliflər üzərində işləməyə imkan yaradacaq", - Paskeviç deyib.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək sərgidə 150-yə yaxın belaruslu sahibkar iştirak edəcək. Belarus malları ilə bilavasitə tanışlıq hər iki ölkənin biznes sahəsindəki nümayəndələrinə gələcəkdə əməkdaşlığın istiqamətlərini müəyyən etməyə, aktual problemləri müzakirə etməyə və ticari-iqtisadi əlaqələrin perspektivlərini göstərməyə imkan yaradacaq.

Sərgi çərçivəsində Belarus istehsalçılarının texnikası nümayiş olunacaq. Həmçinin, "MAZ" İstehsalat Birliyi Azərbaycanda MAZ avtomobillərinin quraşdırıldığı Gəncə Avtomobil Zavodu ilə birlikdə avtotexnikanın səkkiz modelini nümayiş etdirəcək.

Sərgi çərçivəsində "Belarus Respublikasının sosial-iqtisadi inkişafının vəziyyəti, perspektivləri və Belarus-Azərbaycan əməkdaşlığının gələcək inkişafına dair imkanlar" adlı seminar-təqdimat da olacaq.

Belarus Respublikasının Azərbaycanda I Milli sərgisi 2007-ci ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti