Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi metalkəsici dəzgahlar istehsal edən "Bakı Dəzgahqayırma" SC-nin səhmlərinin 99,7 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə komitənin şənbə günü yaydığı məlumatda deyilir.
Satışa çıxarılan səhm paketinin 85 faizi investisiya müsabiqəsinin standart paketinin və 14,7 faiz isə əmək kollektivi üzvlərinə səhmlərin güzəştli satışından qalan səhmlərdir. Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri və xarici investorlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər yeni texnologiyaların tətbiqini, məhsulun çeşidinin artırılmasını, yeni iş yerlərinin açılmasını, işçilərin sosial təminatını nəzərdə tutan investisiya proqramı, eləcə də investisiya təklifinin dəyərinin 5 faizi həcmində bank zəmanəti təqdim etməlidir. İddiaçılar dövlət büdcəsinə 600 min manat vəsaitin ödənilməsi üzrə təklif təqdim etməlidirlər.
"Bakı Dəzgahqayırma" metalkəsici dəzgahların və onların texniki təchizatı vasitələrinin istehsalı ilə məşğul olur. Müəssisə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Y.Hüseynov küçəsi, 114 ünvanında yerləşir.
SC-nin nizamnamə kapitalı 1,79 milyon manat təşkil edir və bu məbləğə hər birinin nominal dəyəri iki manat olan 892 988 səhm buraxılıb. Müsabiqənin predmeti ümumi nominal dəyəri 1,781 milyon manat təşkil edən 890 300 səhmdir.
2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, müəssisə 25,89 min manat məbləğində borca malikdir. Xammal, xidmətlər və görülən işlərə görə borclar 1,53 min manat, əməkhaqqı borcları 20,63 min manat təşkil edir. Müəssisənin debitor borcları 37,17 min manatdır. Müəssisə 1982-ci ildə istismara verilib.
İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış ola və 17 may saat 10:00-dan 17:30-dək Bakı şəhəri, Ü.Səfərov küçəsi, 20 ünvanından əlavə məlumat ala bilərlər. Sənədlər və təkliflər də 17 may saat 10:00-dan 17:30-dək qəbul olunur.
Təkliflərə mayın 19-da saat 11:00-dan başlayaraq Dövlət Komitəsinin binasında Müsabiqə Komissiyası tərəfindən baxılacaq.
Aprelin 9-na rəsmi məzənnə 0,7923 AZN/USD təşkil edir.