...

Azərbaycanda 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 15:50 (UTC +04:00)
İş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində tədbirlər 2011-ci ilin 9 ayında da davam etdirilib.
Azərbaycanda 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

2011-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və onun yerli orqanları tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, 4037 müəssisədə dövlət nəzarəti həyata keçirilib, 2851 ərizə araşdırılıb. İş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində tədbirlər 2011-ci ilin 9 ayında da davam etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qeyd olunan müddətdə iş yerlərində 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Həmin hallarla bağlı qanunauyğun tədbirlər görülüb və aşkar olunmuş inzibati xətalara görə işəgötürənlərə ümumilikdə 334950 manat cərimə tətbiq olunub.

Eyni zamanda qeyd olunan müddətdə qeyri-rəsmi əmək münasibətlərinə işə cəlb edilmiş 1615 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib.

Vətəndaşlara ödətdirilməsi təmin edilmiş sosial ödənişlərin ümumi məbləği 713 852 manat olub ki, bu məbləğin 368 655 manatını əməkhaqları, 310 913 manatını zərərə görə ödənişlər, 34 284 manatını sosial müavinət və kompensasiyalar təşkil edib. Qeyd olunan müddətdə işdən qanunvericiliyin tələbləri pozularaq azad edilməsi müəyyən edilmiş 119 nəfərin öz əvvəlki işinə qaytarılması təmin olunub.

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı müəssisə, idarə, təşkilatlardan və sahibkarlıqla məşğul olan şəxslərdən daxil olmuş çoxsaylı yazılı və şifahi müraciətlərlə əlaqədar onlara lazımi metodiki kömək göstərilib.

Xəbər lenti

Xəbər lenti