Azərbaycan, Bakı, 24 noyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları məhv edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.
Bakının Nizami, Binəqədi, Nəsimi rayonlarında, Oğuz şəhərində, eləcə də Tərtər, Ağstafa, Bərdə rayonlarında aparılan yoxlamalar zamanı ümumi çəkisi 340 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.